Rəşadət Xalıqov: Zəfər Günü Azərbaycanın dövlətçilik qüdrətinin, milli iradəsinin və tarixi suverenliyinin təntənəsidir

“8 Noyabr – Zəfər Günü Azərbaycanın müasir dövlətçilik tarixində hərbi qələbədən daha geniş siyasi, strateji və geosiyasi məna daşıyan tarixi hadisədir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzunmüddətli dövlət strategiyasının, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin və xalqın milli həmrəyliyinin nəticəsi oldu. Bu tarixi hadisə Cənubi Qafqazda mövcud geosiyasi reallıqları dəyişdirməklə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində yeni mərhələnin əsasını qoydu”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, qələbənin əldə olunmasında həlledici amillərdən biri ölkənin hərbi və iqtisadi potensialının sistemli şəkildə gücləndirilməsi idi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasını davam etdirən Prezident İlham Əliyev ordu quruculuğunu, müdafiə sənayesinin inkişafını, müasir silah və texnologiyaların əldə edilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Nəticədə Azərbaycan Ordusu müasir hərb standartlarına uyğunlaşdırıldı, peşəkar kadr potensialı və əməliyyat imkanları əhəmiyyətli dərəcədə artırıldı. 44 günlük müharibə Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi peşəkarlıq və taktiki üstünlüklə müasir hərb tarixində xüsusi yer tutdu. Müasir pilotsuz uçuş aparatlarından, dəqiq zərbə sistemlərindən və müxtəlif qoşun növlərinin əlaqələndirilmiş fəaliyyətindən istifadə əməliyyatların gedişinə mühüm təsir göstərdi. Xüsusilə Şuşanın azad edilməsi əməliyyatı hərbi strategiya və qəhrəmanlığın nadir nümunəsi kimi tarixə düşdü. Mürəkkəb dağlıq relyefdə, ağır döyüş şəraitində qəhrəman Azərbaycan əsgər və zabitlərinin nümayiş etdirdiyi şücaət düşmənin müdafiə sisteminin yarılmasında həlledici rol oynadı. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini müəyyənləşdirən əsas hadisələrdən biri oldu.
“Zəfərin mənəvi və tarixi təməlində şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı dayanır. Vətən uğrunda canından keçən qəhrəmanlarımız Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə ən ali fədakarlıq nümunəsi göstərdilər. Bu gün şəhid ailələrinin sosial müdafiəsi, qazilərin reabilitasiyası, məşğulluğunun və mənzil təminatının yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Onların qəhrəmanlığının yaşadılması, tarixi xidmətlərinin gələcək nəsillərə çatdırılması milli yaddaşın qorunmasının əsas şərtlərindəndir”.
Rəşadət Xalıqov əlavə edib ki, vətən müharibəsinin nəticələri Azərbaycanın beynəlxalq nüfuzuna və regiondakı siyasi mövqeyinə də ciddi təsir göstərdi. Azərbaycan döyüş meydanında əldə etdiyi nəticələrlə uzun illər həllini tapmayan münaqişənin reallığını dəyişdirdi və regional təhlükəsizlik arxitekturasında yeni mərhələnin başlanmasına şərait yaratdı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində konstitusiya quruluşu və dövlət suverenliyi tam bərpa edildi. Bununla da Azərbaycanın ərazi bütövlüyü və suverenliyi istiqamətində tarixi proses başa çatdırıldı.
O qeyd edib ki, Zəfərdən sonrakı mərhələnin əsas prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış proqramının həyata keçirilməsidir. Qarabağ və Şərqi Zəngəzurda yol, enerji, rabitə, təhsil, səhiyyə və yaşayış infrastrukturu yenidən qurulur. Füzuli və Zəngilan beynəlxalq hava limanlarının istifadəyə verilməsi, Şuşada tarixi abidələrin bərpası, Ağdam və digər şəhərlərdə genişmiqyaslı quruculuq layihələrinin icrası dövlətin postmüharibə strategiyasının miqyasını nümayiş etdirir. Məqsəd azad edilmiş torpaqları müasir texnologiyalar əsasında inkişaf edən, iqtisadi potensialı və sosial infrastrukturu ilə ölkənin ümumi tərəqqisinə töhfə verən bölgələrə çevirməkdir.
Onun sözlərinə görə, 8 Noyabr – Zəfər Günü Azərbaycanın hərbi qüdrətinin, siyasi iradəsinin, milli birliyinin və dövlət suverenliyinin tarixi təcəssümüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu Qələbə Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsini dünya hərb tarixinə yazdı. Şəhidlərimizin əziz xatirəsi, qazilərimizin fədakarlığı və xalqımızın həmrəyliyi ilə ərsəyə gələn Zəfər bu gün işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi ilə öz davamını tapır. Bu tarixi nailiyyət müasir Azərbaycan dövlətçiliyinin ən mühüm strateji göstəricilərindən biri olaraq qalacaqdır.



