
2025-ci ilin 7 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Vyetnam Sosialist Respublikasının Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam arasında keçirilmiş yüksək səviyyəli görüş zamanı iki ölkə arasında əməkdaşlığın gələcək perspektivlərinə dair mühüm fikirlər səsləndirildi. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda xüsusi vurğuladı ki, “bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var”. Bu bəyanat təkcə diplomatik etiketin ifadəsi deyil, real və strateji baxışın göstəricisidir. Hazırda Azərbaycan–Vyetnam əlaqələrinin dərinləşdirilməsi üçün əlverişli zəmin formalaşıb. Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsinin hazırkı səviyyəsi hələ əməkdaşlıq potensialını tam əks etdirmir. Hər iki ölkə iqtisadi cəhətdən dinamik inkişaf edən regionların – Cənubi Qafqaz və Cənub-Şərqi Asiyanın aparıcı dövlətlərindəndir. Azərbaycanın kənd təsərrüfatı, neft-kimya sənayesi, nəqliyyat-logistika imkanları ilə Vyetnamın tekstil, elektronika, aqrar məhsullar və turizm sahəsindəki imkanları bir-birini tamamlayır. İki ölkə arasında azad ticarət sazişi və gömrük sahəsində sadələşdirilmiş rejimin tətbiqi bu istiqamətdə sıçrayışa səbəb ola bilər.
Azərbaycan dünya enerji bazarında tanınmış oyunçudur. SOCAR bu sahədə zəngin təcrübəyə malikdir və beynəlxalq layihələrdə fəal iştirak edir. Vyetnam isə sürətlə sənayeləşən və enerji ehtiyacları artan ölkədir. Azərbaycan qazının Asiya bazarlarına çıxışı və SOCAR-ın texniki təcrübəsinin Vyetnamda tətbiqi energetika sahəsində strateji əməkdaşlıq üçün möhkəm bünövrə yaradır.
Hələ SSRİ dövründə yüzlərlə vyetnamlı tələbə Azərbaycanda təhsil almışdır. Onların böyük bir qismi hazırda Vyetnamın müxtəlif sahələrində aparıcı mövqelərdə çalışırlar. Bu tarixi bağların davamı olaraq, Azərbaycan universitetləri ilə Vyetnamın ali təhsil müəssisələri arasında birgə proqramlar, mübadilə layihələri və təqaüd mexanizmləri təşviq olunmalıdır. Təhsil əməkdaşlığı yalnız kadr hazırlığı deyil, həm də mədəni diplomatiyanın təməlidir. Azərbaycan və Vyetnam zəngin mədəni irsə malik ölkələrdir. Bu irs xalqların milli kimliyinin və qlobal mədəni müxtəlifliyin ayrılmaz hissəsidir. Birgə mədəniyyət festivalları, sərgilər, musiqi proqramları və kino günləri vasitəsilə Azərbaycan və Vyetnam arasında mədəni əlaqələrin dərinləşdirilməsi mümkündür.
Azərbaycan, Orta Dəhlizin əsas iştirakçılarından biri olaraq Avropa ilə Asiya arasında strateji nəqliyyat körpüsüdür. Vyetnamın dəniz limanları və Cənub-Şərqi Asiya bazarları ilə əlaqələri isə Azərbaycanın tranzit imkanlarını daha da genişləndirə bilər. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Vyetnam limanları arasında konteyner daşımalarının təşkili hər iki ölkənin iqtisadi əlaqələrini daha da yaxınlaşdırar. Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Son illərdə yüksək səviyyəli səfərlərin artması, qarşılıqlı dostluq qruplarının yaradılması və multilateral platformalarda birgə əməkdaşlıq insanların bir-birinə daha da yaxınlaşmasını şərtləndirir. Vyetnamlı tələbələrin Azərbaycan tarixi və mədəniyyəti ilə tanış olması, Azərbaycan gənclərinin Vyetnamda təcrübə proqramlarında iştirakı bu istiqamətdə mühüm addımlar olacaq.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Vyetnamın əməkdaşlıq potensialı genişdir və bu potensialdan tam istifadə olunarsa, tərəflər strateji tərəfdaşlığa doğru böyük addım ata bilərlər. Bu prosesdə siyasi iradə, iqtisadi təşəbbüslər və mədəni körpülərin qurulması mühüm rol oynayacaq. İki ölkənin birgə səyləri nəticəsində regionlararası əməkdaşlıq nümunəsinə çevrilmək mümkündür.
Siyasət Həsənov
YAP Xəzər rayon təşkilatının məsləhətçisi