
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı müasir Azərbaycanın inkişafında əsas təməl sütunlarından biri olmuşdur. Onun müəyyən etdiyi strateji xətt yalnız müstəqil dövlətçiliyin möhkəmləndirilməsinə deyil, həm də xalqın rifahının yüksəldilməsinə yönəlmişdi. Heydər Əliyev Azərbaycan xalqının milli maraqlarını hər zaman üstün tutaraq dövlət idarəçiliyində sabitliyin, hüquq qaydasının və iqtisadi islahatların vacibliyini ön plana çəkmişdi.
Ulu Öndərin siyasi irsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu davamlılıq nəticəsində Azərbaycan son illərdə regionda lider dövlətə çevrilmiş, beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Xüsusilə iqtisadi inkişaf, ordu quruculuğu, nəqliyyat-logistika sahəsindəki nailiyyətlər və qlobal enerji layihələrində fəal iştirak bu siyasi kursun səmərəliliyini təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, rəqəmsal inkişaf, şəffaf idarəçilik və sosial rifahın artırılması sahəsində atılan addımlar Heydər Əliyevin müdrik siyasətinin çağdaş mərhələdə daha da təkmilləşdirilərək davam etdirildiyini göstərir. Eyni zamanda, Qarabağ zəfəri ilə nəticələnən Vətən müharibəsi və postmünaqişə dövründə reallaşdırılan bərpa və quruculuq işləri Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu.
Bu uğurların təməlində xalqla hakimiyyətin birliyi, milli maraqlara əsaslanan siyasət və müstəqilliyə sadiqlik dayanır. Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsi bu gün də hər bir vətəndaşın qürur mənbəyinə çevrilmişdir. Onun siyasi xətti həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə strateji baxımdan uzaqgörənlik və sabitliyə əsaslanırdı və bu xəttin uğurla davam etdirilməsi Azərbaycanın gələcək inkişafı üçün etibarlı zəmin yaradır.
Ulu Öndərin siyasi kursunun davam etdirilməsi təkcə keçmişə sədaqət deyil, həm də gələcəyə inamla baxmaq deməkdir. Bu kursun uğurlu davamı Azərbaycanın sabit, güclü və müasir dövlət kimi inkişafını təmin edən əsas strateji xətt olaraq qalmaqdadır.
Kəmalə Musayeva
YAP Xəzər rayon təşkilatının fəalı