AnalitikaGündəmSiyasət

Qardaşlığın Zirvəsi: Şuşa Bəyannaməsi ilə Yeni Dövr

2021-ci il 15 iyun tarixində Azərbaycan və Türkiyə xalqları arasında münasibətlər yeni mərhələyə qədəm qoydu. Məhz bu tarixdə, Qarabağın mədəni mərkəzi olan Şuşa şəhərində iki dövlətin rəhbərləri — İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu sənəd təkcə siyasi deyil, həm də tarixi bir simvol kimi qiymətləndirildi.

Bəyannamə hərbi, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsini özündə ehtiva edir. Xüsusilə müdafiə sahəsində qarşılıqlı yardım öhdəliyi diqqət çəkdi. Bu, regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına güclü bir zəmanət olaraq qəbul edilir. Həmçinin sənəddə Zəngəzur dəhlizinin açılması və qarşılıqlı nəqliyyat layihələrinin inkişaf etdirilməsi kimi vacib məsələlərə də yer verildi.

Şuşa Bəyannaməsi türk dünyasının inteqrasiyası üçün də mühüm addım oldu. Bu sənəd həm də Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldıraraq, iki qardaş xalqın birliyi və həmrəyliyini rəsmiləşdirdi. Bu hadisə regionda və beynəlxalq aləmdə böyük əks-səda doğurdu.

Bu bəyannamə ilə Azərbaycan və Türkiyə sadəcə dost və qardaş deyil, artıq açıq şəkildə müttəfiq dövlətlər kimi birləşmiş gücə çevrildilər. Şuşa şəhərində imzalanması isə bu hadisəyə xüsusi rəmzi məna qatdı: azad olunmuş torpaqlarda birlik andı.

Ələkbər Novruzov
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button