AnalitikaGündəmSiyasət

Əməkdaşlığın yeni perspektivləri

2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması idi. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü – 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. O qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.

Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Türkiyə və Azərbaycan  düvlətləri bir-birini qoruyacaqlar.

Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”. Bu Bəyannamə yalnız taktiki gediş deyil, eyni zamanda dərin strateji düşüncənin  də məhsuludur.

Əliyeva Günel,
Xəzər rayonu, 183
  №li  tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button