
Azərbaycan-ABŞ münasibətləri uzun illər ərzində müxtəlif mərhələlərdən keçib, zaman-zaman qarşılıqlı əməkdaşlıq və gərginlik dalğaları ilə müşayiət olunub. Lakin Donald Trampın 2025-ci ildə yenidən ABŞ Prezidenti seçilməsindən sonra bu münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real perspektivlər yaranıb.
Azərbaycan da ABŞ-la ikitərəfli münasibətlərə yüksək dəyər verir. Prezident İlham Əliyevin bildirdiyi kimi, ABŞ-Azərbaycan münasibətlərinin 25 illik dövrü əhatə edən tarixi var. Bu münasibətlər həmişə sıx, səmimi olmuşdur, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatmışdır. Aramızda fəal siyasi dialoq mövcuddur. Azərbaycan ilk dəfə Xəzər və Aralıq dənizlərini birləşdirən neft kəmərlərinin tikintisi kimi əhəmiyyətli layihələri Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə birlikdə icra edib: “Biz “Cənub Qaz Dəhlizi” layihəsi üzərində birlikdə işləyirik. Biz bu layihənin icrasına ciddi dəstək göstərdiyinə görə Amerika Birləşmiş Ştatlarının hökumətinə çox minnətdarıq. Səmimi desəm, bu dəstək olmasaydı, həmin layihənin həyata keçirilməsi üçün daha çox müddət və səylərin göstərilməsi tələb oluna bilərdi”.
Göründüyü kimi, bu gün Azərbaycan Amerika Birləşmiş Ştatları ilə siyasi, iqtisadi, həmçinin, enerji sahəsində faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduğunu bəyan edir. Eyni zamanda, ABŞ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir və bu, Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət kəsb edir.
İlham Əliyev və Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlıq üçün güclü zəmin yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə yönəlmiş mahiyyətini bir daha təsdiqləyir.
Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Hazırda dünyanın aparıcı mediaları bu tarixi görüşün yekunlarını şərh edir, bunu sülh istiqamətində atılan qətiyyətli addım kimi dəyərləndirirlər. Bu görüşün yekununda sülh sazişi paraflanmaqla bu istiqamətdə mühüm əhəmiyyətli qərar qəbul olundu. ABŞ görüşündə həm xalqımızın, həm də dünya ictimaiyyətinin gözlədiyi tarixi hadisə baş verdi. Görüşün yekunundan sonra möhtərəm Prezidentimizin bir müdrik fikrini xatırladım: “Bu günə qədər elə bir təşəbbüsümüz olmayıb ki, o reallığa çevrilməsin. Nəyi demişiksə, onu da etmişik. Bir dənə də yerinə yetirilməmiş vəd yoxdur!”. Artıq sülh müqaviləsinin imzalanması labüddür. Ermənistanın məğlubiyyətindən keçən 5 il ərzində Azərbaycan bütün vasitələrlə məğlub ölkəni sülh müqaviləsini imzalamağa dəvət etdi. Lakin Ermənistan havadarlarının yalan vədlərinə aldanaraq yenə də təxribatlar törətməyə cəhd edirdi. ABŞ görüşü bir daha təsdiqlədi ki, Ermənistanın yeganə çıxış yolu Azərbaycanın təkliflərini qəbul etməkdir.
Göründüyü kimi, Azərbaycanla ABŞ, İlham Əliyevlə D.Tramp arasında münasibətlər səmimi və sıx xarakter daşıyır. Bütün bunlara əsasən deyə bilərik ki, iki ölkənin liderləri arasında olan səmimi münasibətlər Azərbaycan-ABŞ əməkdaşlığında yeni səhifə açacaq.
Əsgərova Fatma Zabil qızı
Xəzər rayonu 122 nömrəli məktəbin əməkdaşı