AnalitikaGündəmSiyasət

Kəlbəcər təbiət möcüzəsidir

Əsrarəngiz gözəlliyi nə sözlər, nə rəssam fırçası, nə də şair qələmi ifadə edə bilər. Bu, Allahın Azərbaycana bəxş etdiyi bir hədiyyədir. Kəlbəcər haqqında danışmağa nə sözlər, nə də zaman yetər. Onun hər daşı tarixdir, hər qarışı qızıldır, hər damcı suyu dərmandır, hər qarış torpağı isə bərəkət və ruzidir.

Kəlbəcər Ermənistanla sərhəd rayonudur. Şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam və Xocalı, cənubda isə Laçın rayonları ilə əhatə olunub. Azərbaycanın yüksək dağlıq rayonlarından biridir. Ən hündür zirvələri Camışdağ (3724 m) və Dəlidağ (3616 m) zirvələridir. “Kəlbəcər” toponimi qədim türk dilində “Kevliçer” kimi işlənib və “çay üstündə qala” mənasını verir.

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Buradakı mağaralarda aparılan arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan ilk əmək alətlərini bu yerlərdə yaradıb. Rayon ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min illik qaya təsvirləri və qədim türk əlifbası nümunələri aşkarlanıb.

Kəlbəcər Azərbaycanın ən zəngin rayonlarından biridir və uzun illər işğal altında qalıb. Rayonun 24 min hektar meşə sahəsi mövcuddur. Sovet dönəmində məşhur olan İstisu müalicəvi mineral suyunun mənbəyi də məhz buradadır və vaxtilə böyük kurort zonası kimi tanınıb. Bundan başqa, Kəlbəcərin yeraltı sərvətləri də zəngindir. Burada qızıl, gümüş, tellur, selen, civə və digər qiymətli metal yataqları aşkarlanıb. Təəssüf ki, 30 illik işğal dövründə bu sərvətlər ermənilər tərəfindən talan edilib.

Prezident İlham Əliyev Kəlbəcərin azad olunması münasibətilə xalqa müraciətində bildirmişdi ki, düşmən meşələri qırıb, satıb, evləri və məktəbləri yandırıb, təbiətə və xalqımıza böyük ziyan vurub. Onun sözlərinə görə, əldə edilən Qələbə yalnız Ermənistan üzərində deyil, həm də erməni faşizmi üzərində qazanılıb.

Bu gün Kəlbəcər sürətlə dirçəlir. Yeni infrastruktur layihələri həyata keçirilir, yollar və kəndlər bərpa olunur. Prezident İlham Əliyevin Kəlbəcərə səfəri də bu dirçəlişin bariz nümunəsidir. Səfər çərçivəsində bir sıra mühüm obyektlərin açılışı olub. Xüsusilə 12 kilometrlik tunelin təqdimatı Azərbaycanın Kəlbəcərə verdiyi böyük dəyərin və gələcəyə baxışının göstəricisidir. Bu səfər həm də milli iradənin, siyasi qətiyyətin və strateji hədəflərin həyata keçirilməsini simvolizə edir.

Ramin Əliyev
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button