AnalitikaGündəmSiyasət

Qarabağ Zəfəri və Azad Kəlbəcərin Dirçəlişi

Qarabağ zəfəri Azərbaycan tarixinin əzəmətli və unudulmaz səhifələrindən biridir. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün bərpası üçün apardığı mübarizənin ən parlaq və şərəfli mərhələsi oldu. 44 gün davam edən bu müharibədə Azərbaycan Ordusu erməni işğalında olan Qarabağ torpaqlarını azad edərək tarixi ədaləti bərpa etdi. 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanatla Ermənistan məğlubiyyətini qəbul etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər Azərbaycanın gücünün, xalqın və ordunun birliyinin rəmzinə çevrildi və hər il Zəfər Günü olaraq qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi günü bu cür şərh etmişdir: “44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün irəli gedirdik. Bir dənə də olsun döyüş meydanını tərk edən olmamışdır. Bir dənə də olsun fərari olmamışdır. Yəni bu, xalqımızın yüksək keyfiyyətlərini göstərir və onu göstərir ki, bütün xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi. Ermənistan ordusunda isə özlərinin dediklərinə görə 12 min fərari olmuşdur. Vətən müharibəsi başa çatanda Kəlbəcər, Laçın, Ağdamın böyük hissəsi hələ işğal altında idi. Ancaq biz kapitulyasiya aktı nəticəsində Ermənistanı məcbur etdik ki, bu bölgələri bizə qaytarsın və bunu etməyə məcbur olmuşdur. Yəni, Kəlbəcər bir güllə atılmadan azad edildi. Siz kəlbəcərlilər bu bölgənin relyefini, iqlimini çox yaxşı bilirsiniz. Mən də çox yaxşı bilirəm, çünki dəfələrlə burada olmuşam və əvvəlki dövrlərdə buraya Ömər aşırımından keçmişəm”

Ali Baş Komandan İlham Əliyevin ötən illər ərzində qurduğu müasir Azərbaycan Ordusu yüksək peşəkarlığı sayəsində çox qısa zamanda düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Qarabağın tacı Şuşanı azad etdi. Həmçinin “dəmir yumruğu” ilə işğalçını məcbur etdi ki, kapitulyasiya aktına imza atsın.
Qətiyyətli və prinsipial Azərbaycan Prezidentinin, qüdrətli Azərbaycan Ordusunun daha bir möhtəşəm uğuru isə cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından düşməni qoşunlarını çıxarmağa məcbur qoyması idi. Ali Baş Komandan İlham Əliyevin mükəmməl hərbi taktikası sayəsində, düşmən tərəfindən ərazisi ən çox minalanan Ağdam rayonu, çox çətin, mürəkkəb relyefə malik olan Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan, bir itki belə verilmədən mənfur düşməndən geri alındı.

Bu 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə, həm də xalqımızın birliyinin, yenilməz gücünün nümayişi oldu. Müharibə başlayan andan etibarən vəzifəsindən, statusundan, yaşından asılı olmayaraq, hər kəs Vətən uğrunda könüllüyə çevrildi. Ali Baş Komandanın “dəmir yumruğ”una  dönərək düşmənin başını əzdi.

Müharibə gedişatında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, dörd qəsəbə ilə yanaşı, 300-ə yaxın kənd və bir sıra strateji əhəmiyyətli yüksəklikləri düşmən tapdağından azad edən ordumuz Ali Baş Komandanın rəhbərliyi altında hərb sahəsində yeni döyüş strategiyasının əsasını qoydu. Silahlı Qüvvələrimiz sahib olduğu yeni nəsil silahları döyüş meydanında məharətlə tətbiq edərək XXI əsrin işğal altında olan torpaqların azad edilməsi uğrunda aparılan müharibə formasını bütün bəşəriyyətə nümayiş etdirdi. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbəsi ilə dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirdi. Əbəs yerə deyil ki, hazırda dünyanın aparıcı hərbi müəssisələrində Vətən müharibəsinin aparılmasının forma və qaydaları dərindən öyrənilməkdədir.

Bu Şanlı Qələbənin daha bir xüsusiyyəti odur ki, Xalq öz Ordusunun Komandanını, Prezidentini daha da yaxından tanıdı, Müzəffər Ali Baş Komandan isə xalqın böyüklüyünün və gözəl xüsusiyyətlərinin bir daha şahidi oldu. Xalq dövlətimizin başçısının necə iradəli, qətiyyətli, əzmkar, verdiyi sözü tutan şəxsiyyət olduğuna bir daha əmin olmaqla yanaşı, onun ən yüksək keyfiyyətlərə məxsus vətəndaş, vətənpərvər Ali Baş Komandan, Xalqımızın, Ordumuzun hər qələbəsinə bütün səmimiyyəti ilə ürəkdən sevinən, bu qələbələri böyük coşqu ilə alqışlayan necə sadə bir insan olduğunun da şahidi oldu.

Döyüşdə oğlu şəhid olan ana-atalar belini bükmədi, başını dik tutub “Vətən sağ olsun!” dedilər. Döyüş meydanından kilometrlərlə uzaq olan yaşayış məntəqələrimiz faşist xislətli düşmən tərəfindən atəşə tutulanda o bölgələrin sakinləri “ölsək belə, yurdumuzu tərk etmərik” söylədilər. Həqiqətdir ki, 44 Zəfər gününün qürur, fəxarət anları bir yazıya sığmayacaq qədər çoxdur… Təkcə onu vurğulayaq ki, heç kəs torpaqlarımız işğaldan azad olunmayana qədər müharibənin dayanmasını istəmirdi. Bircə gün cəbhədən qələbə xəbəri gəlməyəndə, “görəsən nə olub, müharibə dayanmayıb ki?!” deyə narahatlıq keçirirdilər.

Qarabağın açılmayan düyünü olan işğal prosesi rəşadətli Ordumuz və Müzəffər Ali Baş Komandan tərəfindən çözülüb. Çünki Azərbaycan Prezidenti dəfələrlə qeyd etmişdi ki, işğal faktı ilə barışmayacağıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatıb. Xalqımız, ordumuz və Ali Baş Komandanımızın birliyi sayəsində biz tam qalibik!

Əskərova Məxrub,
Xəzər rayonu 92 №-li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button