AnalitikaGündəmOrdu

Antiterror əməliyyatı zamanı hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər

Bildiyimiz kimi, 2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Bu qərarın verilməsində əsas səbəb bölgədə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı silahlı təxribatlar törətməsi oldu. Həmin gün səhər saatlarında Ağdam rayonunda baş vermiş mina partlayışı nəticəsində bir neçə polis əməkdaşı və mülki şəxs həlak oldu. Bu fakt artıq regionda təhlükənin artdığını və qarşısı alınmaz hadisələrin baş verə biləcəyini göstərirdi. Azərbaycan hökuməti bu təhlükəni aradan qaldırmaq və ölkə ərazisində konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal antiterror tədbirlərinə başladı.

Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi.

Əməliyyat zamanı əsas hədəf qeyri-qanuni silahlı dəstələrin döyüş mövqeləri, sursat anbarları və hərbi texnikaları oldu. Mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün xüsusi koridorlar yaradıldı və onlara bu dəhlizlər vasitəsilə təhlükəsiz zonalara keçmək imkanı verildi. Əməliyyat zamanı Azərbaycan Ordusu yüksək dəqiqliklə hərəkət edərək mülki infrastruktura zərər vurmadı. Bu da onu göstərir ki, məqsəd sadəcə terror təhlükəsini aradan qaldırmaq və qanunsuz silahlı qrupları tərksilah etmək idi.

Sentyabrın 20-də Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə atəşkəs razılaşması əldə olundu. Razılaşmaya əsasən, qanunsuz erməni silahlı dəstələri silahlarını yerə qoymalı, mövqelərdən geri çəkilməli və tam şəkildə Azərbaycan qanunlarına tabe olmalı idilər. Bu razılaşma ilə faktiki olaraq Azərbaycanın Qarabağ üzərində suverenliyi bərpa olundu. Ardınca, Azərbaycan dövlət qurumları bölgədə fəaliyyətə başladı və reinteqrasiya prosesi aktiv fazaya keçdi.

Bu hadisə beynəlxalq hüquq baxımından da Azərbaycanın haqlı mövqeyini bir daha nümayiş etdirdi. Hər bir dövlət öz ərazisində silahlı separatizmlə mübarizə aparmaq hüququna malikdir. 19-20 sentyabr əməliyyatı ölkənin daxili təhlükəsizliyini təmin etmək, konstitusiya quruluşunu bərpa etmək və bölgədə uzunmüddətli sülhü təmin etmək baxımından strateji əhəmiyyət daşıyan bir addım oldu. Qarabağın tam reinteqrasiyası Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində tarixi bir mərhələ kimi qiymətləndirilir.

Xəzər rayonu, 123 №li tam orta məktəbin müəllimi
Vəfa Salehova

Oxşar Xəbərlər

Back to top button