AnalitikaGündəmSiyasət

Zəfərdən Sülhə Regional Sabitliyin Yeni Dövrü

20 Sentyabr Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıyan, milli qürur və zəfərlə dolu bir gündür. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin tam şəkildə Azərbaycanın suverenliyi altına keçməsini simvolizə edir. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Qarabağın bu dörd əsas yaşayış məntəqəsində dövlət suverenliyi bərpa edildi. Bu tarixi hadisə ölkəmizin ərazi bütövlüyü baxımından son dərəcə önəmlidir və Azərbaycan xalqının iradəsinin təntənəsidir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Qarabağın böyük bir hissəsi işğal olunmuşdu.

Bu dövrdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə də erməni silahlı qüvvələrinin nəzarətinə keçmişdi. Xüsusilə Xocalı soyqırımı, 1992-ci il fevral ayında baş verən və yüzlərlə dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyi faciə, bu şəhərlərin işğal tarixinin nə qədər ağrılı olduğunu göstərdi. 30 ilə yaxın davam edən bu işğal dövrü, Azərbaycan xalqının yaddaşında dərin izlər buraxdı. Lakin xalq heç zaman bu torpaqları unutmamış, qayıdış ümidi ilə yaşamışdır.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində dönüş nöqtəsi oldu. Həmin müharibə nəticəsində Qarabağın böyük bir hissəsi, o cümlədən Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərləri işğaldan azad olundu. Lakin Xankəndi və ətraf ərazilərdə hələ də qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu bölgədə lokal antiterror tədbirləri həyata keçirdi. Yalnız 24 saat davam edən bu əməliyyat nəticəsində separatçı qüvvələr təslim oldu və Azərbaycanın suverenliyi bütün Qarabağda bərpa edildi. 20 Sentyabr isə bu zəfərin rəsmi simvolu kimi tarixə yazıldı.

Bu dörd şəhərin – Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azad olunması yalnız hərbi deyil, həm də sosial və iqtisadi baxımdan yeni bir mərhələnin başlanğıcıdır. Azərbaycan dövləti bu ərazilərin bərpası və yenidən qurulması üçün genişmiqyaslı layihələr həyata keçirməkdədir. Artıq infrastruktur layihələri, məktəblər, xəstəxanalar, yollar və digər sosial obyektlərin tikintisinə start verilib. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın hər bir vətəndaşı, o cümlədən qayıdacaq köçkünlər, bu ərazilərdə təhlükəsiz və firavan həyat şəraitinə sahib olacaqlar.

“Böyük Qayıdış” proqramı çərçivəsində bu bölgələrə qayıdış mərhələli şəkildə həyata keçiriləcək. 20 Sentyabr həm də milli birlik və həmrəyliyin nəticəsidir. Azərbaycan xalqı, ordusu və rəhbərliyi bir amal uğrunda – torpaqların azadlığı və dövlət suverenliyinin bərpası uğrunda birləşərək tarixi ədaləti bərpa etdi. Bu gün azad olunan şəhərlərdə üçrəngli bayrağımız dalğalanır, əzəmətli Zəfərimizin nişanəsi kimi ucalır. Azərbaycanın bu tarixi nailiyyəti regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün də yeni imkanlar açır. Suverenliyin bərpası təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqaz üçün də sabitliyin təminatı baxımından mühüm rol oynayır.

Murad Zeynalov
Yeni Azərbayca Partiyası,Məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button