
2023-cü il oktyabrın 15-i Azərbaycan tarixinə qızıl hərflərlə yazılan günlərdən biri oldu. Həmin gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımızın ən böyük arzularından birinin gerçəkləşməsini təntənəli şəkildə bəyan etdi. Uzun illər işğal altında qalan və separatizmin yuvasına çevrilən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Bu hadisə təkcə siyasi yox, həm də mənəvi baxımdan milli birliyin, qətiyyətin və tarixi ədalətin təntənəsi idi.
Prezident İlham Əliyevin iştirakı ilə baş tutan bu mərasimlər xalqın ürəyində sonsuz qürur və fəxarət hissi yaratdı. Ən faciəli səhifələrdən biri olan Xocalı soyqırımının baş verdiyi torpaqda Dövlət Bayrağının ucaldılması şəhidlərin xatirəsinə dərin ehtiramın və Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasının rəmzinə çevrildi. Xankəndidə, uzun illər erməni separatizminin mərkəzi kimi tanınan şəhərdə Azərbaycan bayrağının dalğalanması isə dövlətin suveren iradəsinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın bu addımı həm də Azərbaycan ordusunun 2020-ci ildə başlayan qələbə yolunun məntiqi davamı idi. Qarabağın hər qarışı uğrunda mübarizə aparan qəhrəman oğullarımızın qanı və canı bahasına bərpa olunan ədalət Prezidentin qətiyyəti ilə daha da möhkəmləndi. Bu addım, həm də dövlətin öz vətəndaşlarına verdiyi sözün necə yerinə yetirildiyinin ən parlaq sübutu idi.
Bu tarixi hadisə Azərbaycanın güclü dövlət imicini möhkəmləndirdi, xalqın birliyini və dövlətə sədaqətini daha da artırdı. Eyni zamanda, bölgədə sülh və sabitlik üçün yeni reallıqların formalaşmasına mühüm zəmin yaratdı. Dövlət Bayrağının Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə ucaldılması Azərbaycanın suverenliyinin tam bərpasının rəmzi olmaqla yanaşı, həm də gələcək nəsillər üçün milli qürur mənbəyi kimi tarixdə əbədi yaşayacaq.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Aida Əliyeva