AnalitikaGündəmSiyasət

Diplomatik uğur- sülhün siyasi reallığa çevrilməsinin təminatçısıdır

4 fevral 2026-cı ildə Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi yalnız bir təltif hadisəsi deyil, qlobal siyasi gündəmin mühüm mesajlarından biri kimi qiymətləndirilə bilər. Bu mərasim sülhün, dialoqun və humanitar dəyərlərin beynəlxalq münasibətlər sistemində yenidən prioritetə çevrildiyini nümayiş etdirdi. Azərbaycan Prezidenti İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi ölkəmizin regional və qlobal miqyasda artan diplomatik uğurunun təsdiqi kimi çıxış edir. Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyan bu mükafat təkcə simvolik deyil, eyni zamanda ideoloji mahiyyət daşıyır. O, tolerantlıq,humanizm, insan qardaşlığı, dinlərarası harmoniya və sivilizasiyalararası anlaşma prinsiplərini özündə birləşdirir. Birləşmiş Ərəb Əmirliklərinin banisi olan Şeyx Zayed müasir dövlət quruculuğu modelini milli ənənələrlə sintez edərək region üçün nümunəvi inkişaf trayektoriyası formalaşdırmışdır. Bu mənada onun adını daşıyan mükafatın sülh təşəbbüslərinə verilən ən yüksək qiymətlərdən biri sayılması təsadüfi deyil. Prezident İlham Əliyev çıxışında bu mükafatı böyük şərəf kimi dəyərləndirərək münsiflər heyətinə təşəkkürünü bildirmişdi. Xüsusilə BƏƏ ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığın əhəmiyyətini vurğuladı. Bu münasibətlər enerji, investisiya və logistika sahələri ilə yanaşı, humanitar əməkdaşlıq və qarşılıqlı etimad platformasına da əsaslanır. Müasir beynəlxalq münasibətlər sistemində məhz bu cür çoxtərəfli əməkdaşlıq modelləri dayanıqlı sabitliyin əsasını təşkil edir. Yeni dünya nizamı və bəşəri dəyərlərin qorunması bu məsələdə çox vacibdir.
Son illərdə Azərbaycan regional təhlükəsizlik arxitekturasının formalaşmasında fəal iştirak edən aktora çevrilmişdir. Xüsusilə Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımlar beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənmiş və müsbət qarşılanmışdır. Otuz ildən artıq davam edən münaqişə regionda siyasi və humanitar böhran yaratmış, iqtisadi inkişafın qarşısını almışdır. Bu səbəbdən əldə olunan sülh razılaşması təkcə iki dövlət üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün yeni mərhələnin başlanğıcıdır. Müharibə və münaqişələrin gətirdiyi yıxıcı nəticələri geridə qoymaq üçün sülh qaçınılmaz seçimdir. Vaşinqtonda keçirilən tarixi Zirvə Görüşü bu prosesin dönüş nöqtəsi olmuşdur. ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə baş tutan üçtərəfli görüş nəticəsində sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması diplomatiyanın effektivliyini nümayiş etdirdi. Üç onillik davam edən qarşıdurmanın siyasi razılaşma ilə sona çatdırılması beynəlxalq vasitəçilik mexanizmlərinin və tərəflərin siyasi iradəsinin sintezinin məhsuludur. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan indi sülh şəraitində yaşamağı öyrənir. Bu fikir həm psixoloji, həm də siyasi baxımdan mühüm məna daşıyır. Uzun illər müharibə vəziyyətində olan cəmiyyət üçün təhlükəsizlik anlayışının transformasiyası, yeni iqtisadi və sosial prioritetlərin müəyyənləşdirilməsi strateji planlaşdırma tələb edir. Sülhün qorunması isə yalnız sənədlərin imzalanması ilə deyil, davamlı əməkdaşlıq mexanizmlərinin qurulması ilə mümkündür. Son altı ay ərzində atılmış praktik addımlar bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Ermənistanla nəqliyyat və yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmış, eyni zamanda neft məhsullarının ixracına başlamışdır. Bu qərarlar iqtisadi rasionalizmin və qarşılıqlı faydalı əməkdaşlıq prinsipinin üstün tutulduğunu göstərir. Ticarət əlaqələrinin genişlənməsi, infrastruktur layihələrinin inteqrasiyası və kommunikasiya xətlərinin açılması regionda qarşılıqlı asılılıq mexanizmini gücləndirir ki, bu da sülhün davamlılığını təmin edən əsas faktorlardandır.
Əbu-Dabidə keçirilən mərasimin rəmzi mahiyyəti də xüsusi diqqətə layiqdir. Ermənistan və Azərbaycan arasında son danışıqlar mərhələsinin məhz burada baş tutması, yekun razılığın əldə edilməsi və daha sonra Vaşinqtonda rəsmiləşdirilməsi diplomatik prosesin davamlı və koordinasiyalı xarakterini göstərir. Bu, beynəlxalq tərəfdaşlığın və regional təşəbbüslərin uzlaşdırılmış modelidir. Dinlərarası dialoq məsələsi mərasimin ideoloji sütunlarından biri idi. Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyib və Roma Papası Leo tərəfindən səsləndirilən mesajlar bir daha sübut etdi ki, sülh yalnız siyasi razılaşma deyil, eyni zamanda mənəvi və mədəni dəyərlərin qorunmasıdır. Müasir dünyada dini və etnik zəmində qarşıdurmaların artdığı bir dövrdə insan qardaşlığı konsepsiyası universal təhlükəsizlik modelinin ayrılmaz hissəsinə çevrilir. Azərbaycan tarixən multikulturalizm ənənələrinə sadiq qalan ölkə kimi tanınır. Fərqli dinlərin və etnik qrupların birgə yaşayış modeli ölkəmizin ictimai-siyasi sistemində mühüm yer tutur. Bu təcrübə beynəlxalq platformalarda da təqdim olunur və müsbət qarşılanır. Məhz bu kontekstdə “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın təqdim etdiyi sivilizasiyalararası dialoq modelinin beynəlxalq səviyyədə tanınması kimi dəyərləndirilə bilər.
Sülh prosesinin davamlı olması üçün iqtisadi inteqrasiya ilə yanaşı, humanitar əlaqələrin gücləndirilməsi də vacibdir. Təhsil, mədəniyyət, vətəndaş cəmiyyəti institutları və media əməkdaşlığı qarşılıqlı etimadın formalaşmasında mühüm rol oynayır. Uzunmüddətli perspektivdə məhz bu amillər siyasi razılaşmaları dayanıqlı sosial baza ilə təmin edir. Bu mükafatın təqdim olunması Azərbaycanın diplomatik kursunun beynəlxalq legitimliyini artırmaqla yanaşı, regionda yeni siyasi dinamikanın formalaşdığını göstərir. Cənubi Qafqaz artıq qarşıdurma məkanı deyil, əməkdaşlıq platforması kimi təqdim olunur. Enerji layihələri, nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq təşəbbüsləri regionu qlobal logistika xəritəsində mühüm mərkəzə çevirir. Nəticə etibarilə, “Zayed İnsan Qardaşlığı Mükafatı” təkcə fərdi liderə təqdim olunan təltif deyil, bütövlükdə bir dövlətin və onun həyata keçirdiyi strateji kursun beynəlxalq miqyasda qəbuludur. Bu hadisə sübut edir ki, güclü siyasi iradə, ardıcıl diplomatik fəaliyyət və beynəlxalq tərəfdaşlıq sayəsində ən mürəkkəb münaqişələr belə həll oluna bilər.
Qarşıda duran əsas vəzifə əldə olunmuş razılaşmaları möhkəmləndirmək, onları iqtisadi inkişaf və sosial rifah platformasına çevirməkdir. Azərbaycan bu istiqamətdə artıq konkret addımlar atır. Regionda sabitliyin təmin olunması üçün məsuliyyətli aktor kimi çıxış edir. Sülh yalnız münaqişənin olmaması deyil, qarşılıqlı etimadın, əməkdaşlığın və ortaq gələcəyin təminatını formalaşmasıdır. Əbu-Dabidə səsləndirilən mesajlar göstərdi ki, insan qardaşlığı ideyası real siyasətin tərkib hissəsinə çevrilə bilər. Bu isə XXI əsrin beynəlxalq münasibətlər sistemində yeni yanaşmanın formalaşdığını göstərir.

Ağabəyova Mənzər,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbi tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button