
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində baş vermiş faciə XX əsrin sonlarında mülki əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşmüşdür. Xocalı soyqırımı təkcə hərbi əməliyyatların nəticəsi deyil, etnik mənsubiyyətinə görə dinc insanların kütləvi şəkildə məhv edilməsinə yönəlmiş, əvvəlcədən planlaşdırılmış və xüsusi qəddarlıqla icra edilmiş bir qətliamdır. Bu hadisə Azərbaycan xalqının kollektiv yaddaşında silinməz iz buraxmaqla yanaşı, beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulmasının bariz nümunəsi kimi qiymətləndirilir.
Hadisənin tarixi-siyasi fonu Ermənistan–Azərbaycan tarixə qovuşmuş “Dağlıq Qarabağ” münaqişəsinin ən gərgin və xaotik mərhələsinə təsadüf edir. Sovet İttifaqının dağılması ilə regionda yaranmış hakimiyyət boşluğu, silahlı birləşmələrin nəzarətsiz fəaliyyəti və etnik zəmində məqsədli şəkildə qızışdırılan qarşıdurmalar mülki əhali üçün son dərəcə təhlükəli şərait formalaşdırmışdı. Xocalı şəhəri həm coğrafi mövqeyinə, həm də bölgədə yeganə hava limanına sahib olmasına görə mühüm strateji əhəmiyyət daşıyırdı. Məhz bu amil şəhərin tam nəzarətə götürülməsini hərbi baxımdan əsas hədəfə çevirmiş, nəticədə mülki əhalinin taleyi nəzərə alınmadan genişmiqyaslı hücum planı hazırlanmışdır.
1991-ci ilin payızından etibarən Xocalı şəhəri faktiki olaraq tam mühasirəyə alınmışdır. Şəhərə gedən bütün yollar bağlanmış, elektrik enerjisi, qaz və su təchizatı dayandırılmış, ərzaq və tibbi yardımın çatdırılması mümkünsüz hala gətirilmişdir. Uzunmüddətli mühasirə əhalini fiziki və psixoloji baxımdan tükəndirmiş, xüsusilə uşaqlar, qadınlar və ahıl insanlar üçün ağır humanitar böhran yaratmışdır. Buna baxmayaraq, şəhər sakinləri doğma yurdlarını tərk etməmiş, mülki əhali üçün təhlükəsiz dəhliz yaradılacağına dair verilən vədlərə inanaraq xilas yolu axtarmışdır.
1992-ci il fevralın 25-i axşam saatlarından başlayaraq Xocalı şəhəri ağır artilleriya atəşinə tutulmuş, yaşayış evləri, məktəblər və digər sosial obyektlər məqsədli şəkildə dağıdılmışdır. Gecə yarısından sonra isə silahlı dəstələr şəhərə daxil olmuşdur. Dinc əhali ailələri ilə birlikdə qarlı və şaxtalı havada meşə və dağ yolları ilə ərazini tərk etməyə çalışmışdır. Lakin qaçış marşrutları əvvəlcədən mühasirəyə alınmış, mülki şəxslərə yaxın məsafədən atəş açılmış, insanlar kütləvi şəkildə qətlə yetirilmişdir. Şahid ifadələri və faktlar öldürülən şəxslərin bir qisminin xüsusi amansızlıqla işgəncələrə məruz qaldığını, bədən üzvlərinin kəsildiyini, meyitlərin təhqir edildiyini göstərir ki, bu da Xocalı hadisəsinin adi hərbi toqquşma deyil, açıq şəkildə insanlığa qarşı törədilmiş cinayət olduğunu sübut edir.
Azərbaycan Respublikasının rəsmi məlumatlarına əsasən, Xocalı soyqırımı nəticəsində 613 mülki şəxs qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i isə ahıl insan olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, yüzlərlə insan ağır yaralanmış, 1 000-dən artıq sakin əsir və girov götürülmüşdür. Girovluqdan azad edilən şəxslərin ifadələri əsirlikdə insan ləyaqətini alçaldan rəftarın, fiziki və psixoloji zorakılığın sistemli xarakter daşıdığını təsdiqləyir. Onlarla insanın taleyinin bu günədək naməlum qalması faciənin davam edən ağır humanitar nəticələrindən biridir.
Xocalı hadisəsi beynəlxalq hüquq normaları baxımından qiymətləndirildikdə, 1949-cu il Cenevrə Konvensiyalarının və 1948-ci il “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” BMT Konvensiyasının müddəalarının açıq şəkildə pozulması kimi dəyərləndirilir. Milli və etnik mənsubiyyətinə görə müəyyən bir qrupun qəsdən məhv edilməsi niyyətinin mövcudluğu Xocalı faciəsini hüquqi baxımdan soyqırımı anlayışına uyğunlaşdırır. Bu mövqe Azərbaycan dövləti tərəfindən ardıcıl şəkildə beynəlxalq ictimaiyyətə təqdim olunur və hüquqi-siyasi əsaslarla müdafiə edilir.
Faciənin dünya miqyasında tanıdılması məqsədilə uzun illərdir ardıcıl informasiya, hüquqi və diplomatik fəaliyyət həyata keçirilir. Bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı hadisəsini mülki əhaliyə qarşı törədilmiş ağır cinayət kimi pisləyən sənədlər qəbul etmişdir. Bununla belə, hadisənin beynəlxalq hüquqi müstəvidə tam və obyektiv qiymət alması istiqamətində mübarizə hələ də davam edir və bu, ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan xalqının iradəsi, dövlətin siyasi qətiyyəti və güclü Ordunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Əldə olunan tarixi Zəfərlər, eləcə də lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri və digər işğal altında olan ərazilərimiz azad edilmiş, şəhidlərimizin qanı yerdə qalmamış, ədalət öz yerini tapmışdır. Bu qələbə təkcə hərbi-siyasi nailiyyət deyil, eyni zamanda Xocalı qurbanlarının ruhuna göstərilən mənəvi ehtiram və tarixi ədalətin təntənəsidir.
Xocalı soyqırımı Azərbaycan cəmiyyətinin milli yaddaşında dərin mənəvi yara olmaqla yanaşı, həm də tarixdən çıxarılmalı olan ağır dərsdir. Bu faciə bir daha göstərdi ki, münaqişələr zamanı mülki əhalinin qorunmaması və cəzasızlıq mühiti bəşəriyyət üçün fəlakətli nəticələr doğurur. Hər il fevralın 26-da keçirilən anım mərasimləri yalnız hüznün ifadəsi deyil, eyni zamanda tarixi həqiqətlərin unudulmamasına, ədalətə və beynəlxalq məsuliyyətə çağırışdır.
Nəticə etibarilə, Xocalı soyqırımı XX əsrin sonlarında insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalır. Bu faciənin qurbanlarının xatirəsinin əbədi yaşadılması, hadisəyə obyektiv hüquqi-siyasi qiymətin verilməsi və günahkarların məsuliyyətə cəlb edilməsi yalnız Azərbaycan xalqının deyil, bütün beynəlxalq ictimaiyyətin vicdani borcudur. Xocalı həqiqətləri unudulmadıqca və ədalət tam bərqərar olana qədər bu faciə insanlığın yaddaşında yaşayacaqdır.
Kamran Quliyev,
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə
ərazi partiya təşkilatının sədr müavinİ



