
Unudulmayan və unudulmayacaq Xocalı Soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqın yaddaşında silinməz iz buraxan ən ağır faciələrdən biri yaşandı. Bu faciə Xocalı soyqırımıdır. Xocalı soyqırımı cinayət olmaqla yanaşı, həmçinin insanlığa qarşı ağır zorakılıq aktı kimi tarixə düşdü. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımı haqqında çıxış edərkən söyləyirdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
26 noyabr 1991-ci il tarixində Əsgəran rayonu ərazisində şəhər statusu alan Xocalı Qarabağda əhalisinə görə ikinci şəhər hesab olunurdu. Xocalı – Xankəndi, Ağdam, Şuşa və Əsgəran yolları arasında strateji məntəqədə yerləşir. Regionun mülki hava limanı orada yerləşdiyi üçün şəhər nəqliyyat-kommunikasiya baxımından xüsusi əhəmiyyətə malik idi. Azərbaycanlılara qarşı soyqırım siyasətinin növbəti hədəflərindən biri də Xocalı oldu. 1991-ci ilin sonlarından artıq şəhər blokadaya alınmışdı. Həmin qanlı gecədə 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərində soyqırım yaşandı. Xocalı sakinləri mübarizə apardılar, onlar öz evlərini, yurd-yuvalarını qoyub getmək istəmirdilər. Lakin 3 istiqamətdə hücumlar olduğu üçün əhali Əsgəran istiqamətinə qaçmağa məcbur oldu. Naxçıvanlı kəndi ərazisində ermənilər əhalinin qarşısını kəsdi və gülləbaran edildi. Qarlı və soyuq havada dinc sakinlər qətlə yetirildi. 613 nəfər öldürüldü; 1000 nəfər müxtəlif yaşlı dinc sakin əlil oldu; 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü; 8 ailə tamamilə məhv edildi; 25 uşaq hər iki valideynini, 130 nəfər isə valideynlərindən birini itirdi: 1275 sakin girov götürüldü. Xocalı soyqırımından 34 il ötməsinə baxmayaraq bu gün də 150 nəfərin taleyi məlum deyil. Bu bütün Azərbaycan xalqına, eləcə də dünya azərbaycanlılarına vurulmuş sarsıdıcı zərbədir. Xocalı soyqırımının üzərindən əsrlər keçsə belə biz azərbaycanlılar özümüzdən sonra gələn nəsillərə bu xüsusi qəddarlığı danışaraq unutdurmamalıyıq. Yuxarıda qeyd olunan rəqəmlər adi riyazi rəqəmlər deyil, onların hər biri bir fərddir, bir insan taleyidir.
Xocalının müdafiəsi zamanı 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir. Bunlar: Şöhrət Həsənov, Ələsgər Novruzov, Əlif Hacıyev, Tofiq Hüseynov, İnqilab İsmayılov, Aqil Quliyev və Füzuli Rüstəmovdur. Xocalıdan olan hər bir sakin və eləcə də Azərbaycan xalqı hər birinin qəhrəmanlığını bilir və onları unutmurlar.
19-20 sentyabr 2023-cü il tarixində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Qarabağda lokal antiterror əməliyyatları həyata keçirdi. Bu əməliyyatın məqsədi qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilməsi, silahların təhvil verilməsi və ölkənin suverenliyinin tam təmin edilməsi idi. Bununa yanaşı Ağdərə, Xankəndi, Xocavənd və Xocalı da düşməndən azad edildi. Xocalı şəhəri üçün bu mərhələ xüsusi əhəmiyyət daşıyır. Ağır faciə yaşamış şəhərin yenidən bizim nəzarətimizdə olması həm siyasi, həm də mənəvi baxımdan önəmli hadisə olaraq qiymətləndirilir. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak edən hər bir igidimiz öz canları, qanları bahasına olsa da Xocalı soyqırımında yaşananların qisasını aldılar. Xocalıların qanı yerdə qalmadı. Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalı azad olunmasaydı Azərbaycan xalqı sakitləşə bilməzdi.
15 oktyabr 2023-cü il tarixində Xocalıda Azərbaycan bayrağı dalğalanmağa başladı. Bundan sonra isə abadlıq işlərinə başlanıldı. Heydər Əliyev Fondu tərəfindən inşa edilən Xocalı Soyqırmı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Xocalıda yeni yaşayış evləri, iş yerləri salınır. Xocalının kəndlərinə hissə-hissə keçmiş məcburi köçkün ailələri köçürülür. Artıq Xocalı bu gün öz sakinlərini qarşılayır və həyat burada daha da canlanır.
Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması, hüquqi-siyasi qiymətin verilməsi və ədalətin bərpa olunması istiqamətində ardıcıl görülən işlər milli mövqeyin ifadəsidir. Xocalının yenidən dirçəlməsi, doğma sakinlərin öz yurdlarına qayıdışı faciənin təkcə keçmişdə qalan ağrı deyil və gələcəyə yönəlmiş ümidin, iradənin somvoluna çevrildiyini göstərir. Heç vaxt yaddan çıxmayan Xocalı soyqırımı tariximizin ağrılı səhifəsi olmaqla bərabər, milli birlik, yaddaş və ədalət çağırışıdır. Bu həqiqət yaşadıqca, Xocalı qurbanlarının xatirəsi daim ehtiramla anılacaq və tarixi ədalət tələbi aktuallığını qoruyacaqdır.
Nigar Abdullayeva,
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu
üzrə ərazi partiya təşkilatının sədr müavini



