GündəmSiyasətSosial
Trend

Qaradağ rayonunda 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı və Əli Əmirov adına Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqillikdən Zəfərə: Azərbaycan dövlətçiliyinin memarlıq fəlsəfəsi” mövzusunda tədbir keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Əli Əmirov adına Mədəniyyət Sarayının foyesində yerləşən abidəsi önünə gül dəstələri düzülərək Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi və demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan olunub. O qeyd edib ki, bu mühüm tarixi hadisə xalqımızın azadlıq və müstəqillik iradəsinin, zəngin dövlətçilik ənənələrinin parlaq təzahürü idi.

Faiq Qurbanov vurğulayıb ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlət institutlarının formalaşdırılması, ana dilinin dövlət dili elan olunması, qadınlara seçki hüququnun verilməsi kimi mühüm tarixi islahatlara imza atıb. İşğal nəticəsində süqut etsə də, Cümhuriyyət xalqımızın yaddaşında müstəqillik ideyasını yaşadaraq gələcək nəsillər üçün mühüm yol xəritəsinə çevrilib.

YAP Qaradağ rayon təşkilatı sədrinin müavini qeyd edib ki, XX əsrin sonlarında Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etsə də, ölkə ciddi daxili siyasi böhran, xarici təzyiqlər və Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalmışdı. Məhz belə mürəkkəb bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni ağır böhrandan xilas edərək dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıb.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək, beynəlxalq müstəvidə nüfuzlu dövlətə çevrilib, qlobal problemlərin müzakirə olunduğu mühüm platformalarda fəal iştirak edir.

Tədbirdə çıxış edən tibb elmləri doktoru, professor, Lökbatan Tibb Mərkəzinin direktoru Elçin Hüseynov bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm iqtisadi, həm də hərbi baxımdan regionun aparıcı dövlətinə çevrilib.

Digər çıxış edənlər – Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə sektor müdiri Elçin Abbasov və şəhid anası Leyla Musayeva qeyd ediblər ki, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Vurğulanıb ki, bu gün Azərbaycanın Dövlət Bayrağı Şuşada, Xankəndidə, Xocalıda və Qarabağın bütün bölgələrində qürurla dalğalanır.

Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasının fəaliyyətində yaxından iştirak edən təşkilatlara, partiya dəyərlərinin təbliğində və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə fəxri fərman və xüsusi mükafatlar təqdim olunub. Həmçinin partiyaya yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri verilib.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonda Əli Əmirov adına Mədəniyyət Sarayının yaradıcı kollektivinin təqdimatında bədii proqram nümayiş olunub.

Oxşar Xəbərlər

Back to top button