
Şanlı Vətənimiz tarix boyu keşməkeşli və çətin yollardan keçsə də, heç zaman qürurunu və mənliyini tapdalatmamışdır. Dövlətimizin zəif olduğu zamanlarda, yaxud “dost” hesab edərək ocağımızın başına keçirdiklərimizin namərd əli ilə düşmənlər dörd bir tərəfdən iti caynaqları ilə bizi parçalamağa çalışsa da onların bu məkrli arzuları puç olmağa məhkum idi. Çünki atalarımız düz deyib: “”Nə qədər dərin qazsan, özün düşəcəksən” – və sonda belə də oldu.
Öz məkrli siyasətləri ilə addım atanlar nəticədə özlərini dünya miqyasında gülünc və rüsvayçı vəziyyətə saldılar.
Əzəldən bizə məxsus olan sərvətləri, doğma torpaqları mənimsəmək və talamaq cəhdləri xalq məsəlindəki “yersiz gəldi, yerli qaç” ifadəsini xatırladır. Tarixi fakt və sübutlardan məhrum olan ermənilər uzun illər torpaqlarımızı istismar etsələr də, sonda heç bir iddialarını isbat edə bilmədilər. Çünki torpaq, meşə, çəmən, ucu şiş qayalar, qarlı dağlar halallığı sevir, düzlüyü, mərdliyi sevir… Zira onlarda belə keyfiyyətlər ola bilməzdi, çünki onlar bu torpaqların sahibi deyildilər. Ona görə bu nadanlar belə müqəddəs hissləri başa düşə bilməzdi və sonda onların xəbisliyi, nadanlığı özlərinə qaldı. Hətta evlərdəki məişət avadanlıqlarını belə qarət edən bu talançı zehniyyətdən başqa nə gözləmək olardı ki?!
Nəhayət, zaman gəldi və tarix öz ədalətli hökmünü verdi. Haqq yerini tapdı; Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi güclü siyasət və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində doğma yurdumuza yenidən sahib çıxdıq. Bütün Qarabağımız öz azadlığına qovuşdu.
İndi artıq o ağrılı illər geridə qaldı, doğma Qarabağımız öz ana qucağına, otuz illik həsrətini çəkdiyi Ruhuna qovuşdu… Bütövləşdi… Dirçəlmək üçün, ucalmaq üçün yarışa girdi.
Bu azadlıq rəmzinə çevrilən diyarlardan biri də Füzuli şəhəri idi. O Füzuli rayonu ki, dünya söz sənətinin dühalarından birinin müqəddəs adını daşıyır. Fəqət işğalçılar bu qoca diyarda da, bütün Qarabağda olduğu kimi, daşı daş üstündə qoymamışdılar. Lakin böyüklərimiz demişkən işğal əbədi ola bilməzdi… Bu gün Füzuli şəhəri Azərbaycanın dirçəlişinin və parlaq gələcəyinin rəmzinə çevrilmişdir. Artıq altı ildir ki, hər il oktyabrın 17-ni böyük qürurla Füzuli şəhəri günü kimi qeyd edirik. Şəhidlərimizin canı, qazilərimizin qanı, ordumuzun rəşadəti və məğrur millətimizin birliyi sayəsində biz bu möhtəşəm Zəfəri qazandıq. Füzulinin azad edilməsi Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldı.
1993-cü ilin 23 avqustunda işğala məruz qalan Füzuli şəhəri 2020-ci il 17 oktyabrda azad edildi. Bu tarixi nailiyyət Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”nun, xalqımızın torpaq sevgisinin və sarsılmaz iradəsinin parlaq təcəssümüdür.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il sərəncamına əsasən oktyabrın 17-sinin Füzuli şəhəri günü kimi təsis edilməsi, milli yaddaşımızın qorunması və Vətən müharibəsi həqiqətənlərinin gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Hazırda Füzulidə sürətlə aparılan bərpa və yenidənqurma işləri azad edilmiş ərazilərin dirçəldilməsi strategiyasının mühüm tərkib hissəsidir. Xüsusilə, Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə istifadəyə verilməsi, Qarabağın nəqliyyat-logistik imkanlarının genişləndirilməsində və regionun iqtisadi potensialının yüksəldilməsində vacib strateji addımdır. Doğma yurdlarına geri dönən sakinlərimizin gözlərindəki çoxillik həsrət və kədər artıq yerini gələcəyə inam və böyük sevinc qığılcımlarına vermişdir. Qarşıda bizi daha böyük uğurlar və zəfərlər gözləyir. Bu torpaq Mübarizlər, Poladlar, İlqarlar, Nurlanlar kimi neçə-neçə qəhrəmanlar yetişdirib və bundan sonra da yetişdirəcək. Zəfərlərimiz daimi və davamlı olsun!
Yazımı Şah İsmayıl Xətainin tarixlərə sığmayan müdrik vəsiyyəti ilə yekunlaşdırmaq istəyirəm: “Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: Ana dilimizi, vicdanımızı, Vətənimizi! ”
Əliəskərova Nuray,
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini



