
17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Klinika tibb müəssisəsində tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Aktualinfo Media Qrup xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Könül Nurullayeva, Vasif Qafarov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Yeni Klinika tibb müəssisinin direktoru Zəhra Vəzirova, TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva və başqaları çıxış edib, tibb işçilərinə təbriklərini çatdırıb, onların əhalinin sağlamlığının qorunmasında və insan həyatının xilasında oynadığı əvəzsiz rolu vurğulayıblar.
Qeyd olunub ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığının qorunmasını daim prioritet istiqamət kimi müəyyən edib, bu sahədə ardıcıl islahatlar reallaşdırılıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü siyasət çərçivəsində tibb işçilərinə göstərilən diqqət və qayğı isə xüsusi əhəmiyyət daşıyır.









































