GündəmSosial
Trend

Nizami rayonunda “Yay məktəbi”nə start verilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclər və könüllülər üçün nəzərdə tutulan “Yay məktəbi” layihəsinə start verilib.

Aktualinfo Media Qrup xəbər verir ki, “Yay məktəbi”nin ilk günü iştirakçılar SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunda Ulu Öndər Heydər Əliyevin büstünü, Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanını, eləcə də Nizami rayonundakı “Vətən Müharibəsi Şəhidləri” Memorial Kompleksini ziyarət edərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra YAP Nizami rayon təşkilatında “Yay məktəbi”nin açılış mərasimi keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi İdarə Heyəti sədrinin müavini Eyvaz Hünbətov və digər natiqlər layihənin əhəmiyyətindən bəhs ediblər.

Bildirilib ki, gənclərin asudə vaxtının səmərəli təşkili, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr dövlətin gənclər siyasətinin mühüm tərkib hissəsidir. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası gənclər üçün inkişaf və təcrübə məktəbi olmaqla yanaşı, onların milli-mənəvi dəyərlər ruhunda formalaşmasına xüsusi önəm verir.

Vurğulanıb ki, “Yay məktəbi” layihəsi gənclərin şəxsi inkişafına, yeni bilik və bacarıqlar qazanmasına, qarşılıqlı fikir mübadiləsinə və sağlam ünsiyyət mühitinin formalaşmasına xidmət edir. Eyni zamanda, bu cür təşəbbüslər gənclərin ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatı ilə bağlı məlumatlılığının artırılmasına və onların cəmiyyət həyatında daha fəal iştirakına töhfə verir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün iştirakçılar Heydər Əliyev Mərkəzini və Zəfər muzeyini də ziyarət ediblər.

Oxşar Xəbərlər

Back to top button