
Prezident İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana həyata keçirdiyi dövlət səfəri iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərində yeni tarixi mərhələnin əsasını qoymuşdur. Səfər çərçivəsində Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası iki ölkə arasında əməkdaşlığın bütün spektrini əhatə edən mühüm qərarların qəbul edilməsi ilə yadda qalmışdır. Bu yüksək səviyyəli görüş dövlətlərimizin ümumi maraqlar və qarşılıqlı etimad üzərində qurulan siyasətinin əyani təsdiqidir.
Səfər zamanı hər iki ölkə liderinin iştirakı ilə baş tutan təltifolunma mərasimi xüsusi əhəmiyyət daşımışdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə ölkənin ali dərəcəli “Dostluq” ordenini təqdim etmiş, öz növbəsində dövlətimizin başçısı Özbəkistan liderinə “Heydər Əliyev” ordenini vermişdir. Bu ali mükafatlar xalqlarımız arasındakı sarsılmaz qardaşlığın və dövlət başçılarının iki ölkənin yaxınlaşmasındakı müstəsna xidmətlərinin rəmzidir.
Azərbaycan və Özbəkistan rəhbərlərinin siyasi iradəsi sayəsində ikitərəfli münasibətlər artıq keyfiyyətcə yeni müstəviyə keçmişdir. İmzalanmış yeni sənədlər paketi iqtisadiyyatın müxtəlif sahələrini, o cümlədən energetika, nəqliyyat, kənd təsərrüfatı və investisiya istiqamətlərini əhatə edərək gələcək fəaliyyət üçün möhkəm hüquqi baza yaradır. Bu sənədlər həm də regionda sabitliyin və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayır.
Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda qeyd olunduğu kimi, iki ölkə arasında paralel kursla həyata keçirilən inkişaf strategiyası artıq geniş geosiyasətin mühüm amilinə çevrilmişdir. Mərkəzi Asiya və Azərbaycanın vahid geosiyasi və geoiqtisadi region kimi inteqrasiyası ümumi rifahın təmin edilməsinə xidmət edir. Bu qardaşlıq ittifaqı hər iki ölkənin beynəlxalq aləmdəki mövqelərini daha da gücləndirir.
Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini



