
Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi dövlətçilik tariximizin mühüm mərhələsidir
1993-cü il Azərbaycanın müstəqillik tarixində ən mürəkkəb və məsuliyyətli dövrlərdən biri kimi yadda qalmışdır. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi sınaqlarla üz-üzə qalmış, dövlət idarəçiliyində yaranmış böhran, daxili qarşıdurmalar və Ermənistanın davam edən hərbi təcavüzü ölkənin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaratmışdı. Belə mürəkkəb bir tarixi şəraitdə xalqın böyük əksəriyyətinin ümid və inam bəslədiyi siyasi şəxsiyyət – Ulu Öndər Heydər Əliyev yenidən ölkənin siyasi həyatının önündə dayandı.
1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələn Ulu Öndər Heydər Əliyevin ölkənin ictimai-siyasi həyatında fəal iştirakı Azərbaycanın gələcək taleyinin müəyyənləşməsində mühüm rol oynadı. Həmin dövrdə xalqın müxtəlif təbəqələrinin Ulu Öndərə müraciətləri və onun ətrafında formalaşan ictimai-siyasi dəstək ölkədə sabitliyin və dövlət idarəçiliyinin bərpasına olan ehtiyacı aydın şəkildə nümayiş etdirirdi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə dövlətçilik tarixində yeni mərhələnin əsası qoyuldu. Sonrakı proseslər isə ölkənin siyasi həyatında mühüm dönüş yaratdı. 1993-cü il oktyabrın 3-də Azərbaycanda prezident seçkiləri keçirildi. Seçkilərin nəticələrinə əsasən Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Xalqın iradəsi öz sözünü dedi!
Bu hadisə Azərbaycanın müstəqillik tarixində mühüm siyasi mərhələ kimi qiymətləndirilir. Çünki həmin dövrdə qarşıda duran əsas məsələlərdən biri müstəqil dövlətin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi, ölkədə sabitliyin təmin edilməsi və cəmiyyətin vahid dövlətçilik ideyası ətrafında birləşdirilməsi idi. Ulu Öndər Heydər Əliyevin prezident seçilməsi ilə Azərbaycanda dövlət quruculuğu prosesində yeni mərhələ başlandı. Dövlət idarəçiliyinin möhkəmləndirilməsi, hüquqi dövlət prinsiplərinin inkişaf etdirilməsi, iqtisadi islahatların həyata keçirilməsi və Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Dövlətçilik strategiyasının əsasını təşkil edən sabitlik
1990-cı illərin əvvəllərində Azərbaycan üçün sabitlik sadəcə siyasi məsələ deyil, dövlətin mövcudluğu baxımından fundamental şərt idi. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində də ölkənin daxili sabitliyinin təmin olunması, dövlət institutlarının gücləndirilməsi və milli maraqların qorunması prioritet istiqamətlərdən birinə çevrildi. Bu dövrdə həyata keçirilən siyasət nəticəsində Azərbaycan tədricən siyasi və iqtisadi böhrandan çıxmağa, beynəlxalq münasibətlər sistemində öz mövqelərini möhkəmləndirməyə başladı.
1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın enerji strategiyasının formalaşmasında mühüm hadisəyə çevrildi. Bununla Azərbaycan öz təbii sərvətlərindən milli inkişaf və beynəlxalq əməkdaşlıq üçün istifadə edən müstəqil dövlət kimi mövqeyini möhkəmləndirdi. Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və digər regional enerji layihələri Azərbaycanın iqtisadi və geosiyasi əhəmiyyətini artıran mühüm layihələrə çevrildi.
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyi
Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm istiqamətlərindən biri də Azərbaycan dövlətçiliyinin ideoloji və hüquqi əsaslarının möhkəmləndirilməsi idi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi müstəqil dövlət quruculuğu prosesində mühüm mərhələ oldu. Konstitusiya demokratik dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının, hakimiyyət bölgüsü prinsipinin və hüquqi dövlət anlayışının əsaslarını müəyyənləşdirdi. Ulu Öndərin dövlətçilik konsepsiyasında milli maraqlar, Azərbaycançılıq ideyası, dövlət müstəqilliyinin qorunması və xalqın tarixi-mədəni irsinin yaşadılması xüsusi yer tuturdu.
3 oktyabr – tarixdən gələcəyə uzanan siyasi irs
3 oktyabr 1993-cü il yalnız prezident seçkilərinin keçirildiyi tarix deyil. Bu tarix Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələnin başlanğıcı kimi ölkənin siyasi yaddaşında xüsusi yer tutur.
Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə formalaşdırılan dövlətçilik siyasəti sonrakı illərdə də davam etdirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafı, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, ordu quruculuğu və ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilən siyasət dövlətçilik xəttinin davamlılığını nümayiş etdirdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin bərpa edilməsi, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ölkənin suverenliyinin tam bərpa olunması Azərbaycan dövlətçiliyi tarixinin yeni səhifəsini açdı. Bu baxımdan 3 oktyabr 1993-cü il hadisəsini Azərbaycanın müasir siyasi tarixinin mühüm başlanğıc nöqtələrindən biri kimi nəzərdən keçirmək mümkündür. Həmin gün xalqın siyasi iradəsi öz ifadəsini tapdı və ölkənin qarşısında duran mürəkkəb vəzifələrin həlli üçün yeni dövlətçilik mərhələsinin əsası qoyuldu.
Tarixin yaddaşında yaşayan gün
Bu gün 3 oktyabr tarixi Azərbaycan dövlətçiliyi tarixinin mühüm səhifələrindən biri kimi xatırlanır. Bu tarix müstəqilliyin qorunmasının, dövlət institutlarının möhkəmləndirilməsinin və milli maraqların ardıcıl müdafiəsinin əhəmiyyətini bir daha göstərir.
Ulu Öndər Heydər Əliyevin siyasi irsi Azərbaycan tarixinin mühüm tədqiqat mövzularından biri olaraq qalır. Onun dövlətçilik konsepsiyası, həyata keçirdiyi siyasət və ölkənin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti müasir Azərbaycanın formalaşması prosesinin mühüm hissəsidir.
3 oktyabr 1993-cü il – xalqın iradəsinin siyasi qərara çevrildiyi, Azərbaycanın müstəqil dövlətçilik tarixində yeni mərhələnin başlandığı əlamətdar tarixdir.
İlham Quliyev ,
YAP Yasamal rayon, “Neftqazelmitədqiqatlayihə”
İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini


