
YAP VIII Qurultayı Azərbaycanın Zəfərdən sonrakı siyasi özünüdərk mərhələsinin mühüm hadisələrindən biridir. Tarixi qələbə xalqın dövlətçilik şüurunda mühüm dəyişiklik yaradıb. Azərbaycan artıq yalnız müstəqilliyini qorumağa çalışan dövlət deyil, öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, gələcək inkişafının strateji istiqamətlərini müəyyənləşdirən güclü dövlətdir. Bu yeni reallıq cəmiyyətin siyasi düşüncəsinə də təsir göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas xüsusiyyətlərindən biri Zəfərin yalnız hərbi nəticə kimi deyil, dövlətçilik strategiyasının mühüm mərhələsi kimi qiymətləndirilməsidir. 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası Azərbaycanın siyasi tarixində yeni mərhələ yaradıb. Bu nəticələr milli iradənin, dövlət gücünün və strateji liderliyin birgə fəaliyyətinin nəticəsi kimi dəyərləndirilə bilər.
Yeni siyasi özünüdərk həm də məsuliyyət anlayışını gücləndirir. Zəfərdən sonra cəmiyyət qarşısında yeni vəzifələr dayanır: azad edilmiş ərazilərin bərpası, Büyük Qayıdışın təmin edilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi və Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi. Bu məqsədlərin hər biri uzunmüddətli ictimai həmrəylik və dövlətçilik düşüncəsi tələb edir.
YAP bu yeni siyasi özünüdərk prosesində mühüm rol oynaya bilər. Partiyanın əsas vəzifələrindən biri Zəfərin yaratdığı milli ruhu quruculuq enerjisinə çevirməkdir. Gənclərin dövlətçilik proseslərinə cəlb edilməsi, tarixi yaddaşın qorunması, milli ideoloji təhlükəsizliyin gücləndirilməsi və vətəndaş təşəbbüslərinin dəstəklənməsi bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır.
YAP VIII Qurultayı beləliklə, Azərbaycanın tarixi Zəfərdən yeni siyasi və iqtisadi yüksəliş mərhələsinə keçidini ifadə edən mühüm hadisədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin qarşısında duran əsas məqsəd Zəfərin siyasi nəticələrini möhkəmləndirmək və Azərbaycanın gələcək inkişafını daha güclü əsaslar üzərində qurmaqdır. YAP isə bu prosesdə milli həmrəyliyin qorunmasına, dövlətçilik düşüncəsinin möhkəmləndirilməsinə və cəmiyyətin yeni strateji hədəflər ətrafında təşkilatlanmasına öz töhfəsini verməlidir.
Həqiqət Gülalıyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 73b” ərazi partiya təşkilatının sədri



