
YAP VIII Qurultayı Azərbaycanın müdafiə qabiliyyətinin yeni mərhələdə daha da gücləndirilməsi məsələsini siyasi gündəliyin mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirməyə imkan verir. Dövlətin müstəqilliyinin etibarlı müdafiəsi güclü ordu ilə yanaşı, müasir hərbi texnologiyalara, müdafiə sənayesinə və milli istehsal imkanlarına əsaslanır. Azərbaycanın son illərdə bu sahədə əldə etdiyi irəliləyiş dövlət təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın nəticəsidir.
Ulu Öndər Heydər Əliyev müstəqil dövlətin gələcəyi üçün güclü və peşəkar ordunun vacibliyini daim vurğulayırdı. Ulu Öndər Heydər Əliyevin siyasi xəttində müdafiə qabiliyyəti dövlət suverenliyinin ayrılmaz elementi kimi qəbul edilirdi. Sonrakı mərhələdə bu yanaşma daha geniş iqtisadi və texnoloji imkanlarla tamamlandı. Ordu quruculuğu sistemli dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun modernləşdirilməsi, müasir silah və texnologiyaların tətbiqi, hərbi qulluqçuların hazırlığının yüksəldilməsi və müdafiə sənayesinin inkişafı istiqamətində mühüm nəticələr əldə edilib. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər bu hazırlığın real nəticələrini nümayiş etdirdi. 2023-cü ildə suverenliyin tam bərpası isə Azərbaycanın təhlükəsizlik strategiyasının mühüm tarixi nəticəsi oldu
Müasir müdafiə anlayışı yalnız silah və texnika ilə məhdudlaşmır. Kiber təhlükəsizlik, pilotsuz sistemlər, süni intellekt, elektron müharibə texnologiyaları və hərbi rabitə sistemləri gələcəyin təhlükəsizlik mühitini müəyyənləşdirən əsas amillərdəndir. Bu baxımdan müdafiə sənayesinin inkişafı elm, təhsil və innovasiya siyasəti ilə sıx əlaqələndirilməlidir. YAP da gənclər arasında texnoloji və müdafiə yönümlü ixtisaslara marağın artırılmasına siyasi və maarifləndirici dəstək verə bilər.
YAP VIII Qurultayı güclü dövlət konsepsiyasının yeni təhlükəsizlik reallıqları ilə əlaqələndirilməsi baxımından mühüm platformadır. Azərbaycan üçün əsas məqsəd əldə edilmiş hərbi üstünlüyü qorumaq, müdafiə qabiliyyətini daim yeniləmək və regionda sülhün etibarlı təminatçılarından birinə çevrilməkdir. Güclü ordu, inkişaf etmiş müdafiə sənayesi və dayanıqlı iqtisadiyyat birlikdə milli təhlükəsizliyin möhkəm dayaqlarını formalaşdırır.
Sevda Abdullayeva,
YAP Nizami rayon təşkilatının “Özbəkistan küçəsi, 11” ərazi partiya təşkilatının sədri



