AnalitikaGündəmSiyasət

Füzulinin azadlığı, tarixi yaddaşın qorunması və Böyük Qayıdışın əhəmiyyəti

17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan xalqının yaddaşında xüsusi yeri olan tarixi günlərdəndir. Bu tarix 2020-ci ildə Vətən müharibəsi zamanı Füzuli şəhərinin işğaldan azad edilməsini, uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların qayıdış ümidinin gerçəkləşməyə başlamasını ifadə edir. Füzulinin azadlığı hərbi qələbənin mühüm mərhələsi olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılmış tarixi addımlardan biri idi. Bu gün Füzulidən danışarkən keçmişi xatırlamaqla kifayətlənmək olmaz. Qarşıda duran əsas məsələ azad edilmiş şəhərin yenidən qurulması, sakinlərin doğma torpaqlarına təhlükəsiz və rahat qayıdışının təmin edilməsi, bölgənin iqtisadi və sosial həyatının bərpasıdır. Füzulinin gələcəyi məhz bu işlərin nə dərəcədə ardıcıl və keyfiyyətli həyata keçirilməsindən asılıdır. Füzuli Azərbaycanın qədim yaşayış məskənlərindən biri, zəngin mədəni irsə və özünəməxsus təbiətə malik bölgəsidir.

Qarabağ düzənliyində yerləşən rayon tarixən əkinçilik, heyvandarlıq və digər təsərrüfat sahələri ilə seçilib. Burada formalaşmış yaşayış ənənələri, tarixi abidələr və mədəni irs bölgənin Azərbaycan tarixindəki yerini müəyyənləşdirən mühüm amillərdəndir. Şeyx Babı Yaqub türbəsi və Şah Abbas karvansarası Füzulinin tarixi-mədəni irsinin diqqətəlayiq nümunələridir. Bu abidələr keçmişin yadigarı olmaqla yanaşı, xalqımızın memarlıq ənənələrini, həyat tərzini və tarixi inkişaf yolunu öyrənmək baxımından da əhəmiyyət daşıyır. Belə irsin qorunması şəhərin gələcək inkişafında mühüm istiqamətlərdən biri olmalıdır. Füzuli şəhəri 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində şəhərin və rayonun yaşayış məntəqələri dağıntılara məruz qaldı, əhali doğma yurdlarından didərgin düşdü. Uzun illər ərzində minlərlə insan öz evindən, torpağından və gündəlik həyatını formalaşdıran mühitdən uzaqda yaşamağa məcbur oldu. Bu illər Füzulinin tarixində ağır bir dövr kimi qaldı.

Dağıdılmış evlər, yararsız vəziyyətə salınmış infrastruktur və boş qalmış yaşayış məntəqələri münaqişənin insanlara vurduğu zərərin aydın mənzərəsi idi. Buna görə də Füzulinin azadlığı hərbi-siyasi nəticə olmaqla bərabər, doğma torpağa qayıtmaq arzusunun gerçəkləşməsi baxımından da böyük məna daşıyırdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin həlledici mərhələsi oldu. Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində bir sıra yaşayış məntəqələri işğaldan azad edildi. Oktyabrın 17-də Füzuli şəhərinin azad olunması həmin qələbələrin mühüm mərhələlərindən biri kimi tarixə düşdü. Füzuli istiqamətində əldə edilən uğur sonrakı hərbi əməliyyatlar üçün də əhəmiyyətli şərait yaratdı. Şəhərin azad edilməsi Azərbaycanın cənub istiqamətində mövqelərinin möhkəmlənməsinə və digər ərazilərin azadlığına doğru irəliləyişə təsir göstərdi. Bu hadisə həm də xalqın orduya inamını, milli həmrəyliyini və qələbə əzmini gücləndirdi. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla 17 oktyabr Füzuli Şəhəri Günü elan edildi. Bu qərar tarixi günün dövlət səviyyəsində qeyd olunmasına və onun ictimai yaddaşda daha möhkəm yer tutmasına xidmət edir.

Füzuli Şəhəri Günü bizə keçmişi xatırlatmaqla yanaşı, gələcək qarşısında məsuliyyətimizi də yada salır. Şəhərin azad edilməsi tarixi qələbədirsə, onun yaşamaq üçün əlverişli məkana çevrilməsi, sakinlərin rahat həyatının təmin olunması və mədəni irsin qorunması həmin qələbənin davamıdır. Azadlıqdan sonra Füzulidə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Şəhərin yol-nəqliyyat infrastrukturu yenilənir, yaşayış və ictimai binalar inşa olunur, mühəndis-kommunikasiya sistemləri qurulur. Füzuli–Hadrut və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolları kimi layihələr bölgənin nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Füzuli Beynəlxalq Hava Limanının 2021-ci il oktyabrın 26-da istifadəyə verilməsi isə şəhərin və bütövlükdə Qarabağın nəqliyyat imkanlarını genişləndirən mühüm hadisə oldu. Hava limanı bölgənin ölkənin digər əraziləri ilə əlaqələrini asanlaşdırmaqla yanaşı, gələcəkdə turizm, biznes və beynəlxalq əməkdaşlıq imkanlarının inkişafına da töhfə verə bilər. Bununla belə, şəhərin bərpasını yeni yolların və binaların tikintisi ilə ölçmək düzgün olmazdı. Şəhəri şəhər edən onun insanları, gündəlik həyatı, məktəbləri, səhiyyə müəssisələri, iş yerləri, mədəni mühiti və ictimai münasibətləridir. Buna görə də quruculuq prosesində fiziki infrastrukturla yanaşı, sosial həyatın bərpası da əsas diqqət mərkəzində saxlanılmalıdır. Böyük Qayıdış proqramı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Füzuliyə ilk sakinlərin qayıdışı 2023-cü il avqustun 18-də başladı. Bu hadisə illərlə doğma yurd həsrəti çəkən insanlar üçün yeni həyat mərhələsinin başlanğıcı oldu. Ailələrin öz evlərinə qayıtması, uşaqların doğma şəhərdə böyüməsi və gündəlik həyatın yenidən qurulması bərpa prosesinin ən vacib nəticələrindəndir. Qayıdışın davamlı olması üçün bir sıra məsələlər ardıcıl həll edilməlidir. Əhalinin məşğulluğu təmin olunmalı, məktəb və səhiyyə xidmətləri əlçatan olmalı, ictimai nəqliyyat və kommunal xidmətlər etibarlı işləməlidir. Gənclərin təhsil alması, peşə qazanması və doğma şəhərdə gələcək qurmaq imkanları genişləndirilməlidir. İnsanların geri qayıtması qədər onların orada uzunmüddətli və sabit həyat qura bilməsi də vacibdir. Füzulinin gələcək inkişafı üçün mühüm imkanlardan biri onun kənd təsərrüfatı potensialıdır. Rayonun torpaq və su ehtiyatlarından səmərəli istifadə, əkinçilik ənənələrinin bərpası, heyvandarlığın inkişafı və müasir aqrar texnologiyaların tətbiqi yerli iqtisadiyyatın canlanmasına şərait yarada bilər. Lakin bu imkanlardan yararlanmaq üçün torpaqlara münasibət elmi əsaslara söykənməlidir. Uzun müddət istifadə olunmayan və ya təsərrüfat fəaliyyəti pozulmuş ərazilərdə torpaqların mövcud vəziyyəti qiymətləndirilməli, onların münbitliyi, su təminatı, şoranlaşma və eroziya riski araşdırılmalıdır. Suvarma sistemlərinin düzgün qurulması, drenajın səmərəliliyi və torpaq ehtiyatlarının mühafizəsi kənd təsərrüfatının uzunmüddətli məhsuldarlığı üçün vacib şərtlərdir.

Füzulinin iqtisadi inkişafı kənd təsərrüfatı ilə məhdudlaşmamalıdır. Şəhərin əlverişli nəqliyyat mövqeyi, hava limanı və yenilənən yol infrastrukturu logistika, xidmət sektoru, kiçik və orta sahibkarlıq üçün yeni imkanlar yarada bilər. Yerli istehsalın təşviqi, emal müəssisələrinin yaradılması və fermerlərlə bazarlar arasında əlaqələrin gücləndirilməsi iqtisadi fəallığı artıra, yeni iş yerlərinin açılmasına kömək edə bilər. Turizm də gələcək inkişaf istiqamətlərindən biri kimi nəzərdən keçirilə bilər. Bunun üçün tarixi abidələrin qorunması, ərazinin təhlükəsizliyinin təmin edilməsi, turizm marşrutlarının hazırlanması və xidmət infrastrukturunun inkişafı vacibdir. Tarixi irsin elmi əsaslarla bərpası və düzgün təqdimatı Füzulinin tanıdılmasına, eyni zamanda yerli iqtisadiyyatın şaxələndirilməsinə xidmət edə bilər. Şəhərin uzunmüddətli inkişafı üçün planlaşdırma ilə real ehtiyaclar arasında tarazlıq qorunmalıdır. Yeni yaşayış sahələri, iş yerləri və sosial obyektlər bir-birini tamamlamalıdır. Əks halda, fiziki baxımdan müasir görünən şəhərdə insanların gündəlik həyatını çətinləşdirən problemlər yarana bilər. Füzulinin bərpasında diqqət tələb edən digər istiqamət tarixi və mədəni irsin qorunmasıdır. Abidələrin vəziyyəti qiymətləndirilməli, onların bərpası mütəxəssislərin iştirakı ilə aparılmalı, tarixi xüsusiyyətlər qorunmalıdır. Mədəni irsə qayğı şəhərin keçmişlə gələcək arasında əlaqəsini saxlamaq, gələcək nəsillərə tarixi yaddaşı ötürmək baxımından əhəmiyyətlidir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi nəzərə alınmalıdır. Ərazilərin təhlükəsizliyinin təmin edilməsi insanların qayıdışı, kənd təsərrüfatı işlərinin aparılması, tikinti və digər iqtisadi fəaliyyətlərin genişlənməsi üçün əsas şərtlərdəndir. Bu sahədə görülən işlər uzunmüddətli təhlükəsizlik və əhalinin həyatının qorunması baxımından böyük əhəmiyyət daşıyır. Ətraf mühitin mühafizəsi də bərpa prosesinin ayrılmaz hissəsi olmalıdır. Torpaq və su ehtiyatlarının qorunması, yaşıllıqların salınması, tullantıların düzgün idarə olunması və enerji resurslarından səmərəli istifadə şəhərin gələcək dayanıqlılığını gücləndirə bilər. İnkişafın keyfiyyəti təbii ehtiyatlardan nə dərəcədə məsuliyyətlə istifadə olunması ilə də ölçülür. Füzulinin gələcəyini qiymətləndirərkən tikilən binaların və çəkilən yolların sayı ilə yanaşı, insanların həyatında baş verən dəyişikliklərə də baxmaq lazımdır. Yeni iş yerləri, məktəblərdə təhsilin keyfiyyəti, səhiyyə xidmətlərinin əlçatanlığı, gənclərin inkişaf imkanları, sahibkarlığın vəziyyəti və ətraf mühitin qorunması bərpa prosesinin nəticələrini göstərən əsas meyarlardır. Bu baxımdan görülən işlərin nəticələrinin mütəmadi qiymətləndirilməsi vacibdir. Əhalinin ehtiyacları öyrənilməli, sakinlərin təklifləri nəzərə alınmalı, layihələrin sosial və iqtisadi təsiri aydın göstəricilərlə dəyərləndirilməlidir. Dövlət qurumları, elm və təhsil müəssisələri, sahibkarlar və yerli icmalar arasında əməkdaşlığın gücləndirilməsi daha səmərəli nəticələr əldə etməyə kömək edə bilər. Mənim fikrimcə, Füzulinin bərpasına münasibətdə əsas prinsip şəhər insanlarının burda yaşamaq, işləmək, övlad böyütmək və gələcək qurmaq istədiyi bir məkana çevrilməlidir. Bu məqsədə çatmaq üçün infrastruktur layihələri ilə yanaşı, iqtisadi imkanlar, sosial xidmətlər, elmi yanaşma və mədəni irsə qayğı bir-birini tamamlamalıdır.

17 Oktyabr – Füzuli Şəhəri Günü xalqımızın tarixi yaddaşında qələbə, qayıdış və yenidənqurma anlayışlarını birləşdirən əlamətdar tarixdir. Füzulinin azad olunması Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələdir. Bu gün şəhərdə aparılan quruculuq işləri isə həmin qələbənin real həyatdakı nəticələrini formalaşdırır. Qarşıda duran əsas vəzifə Füzulinin müasir, təhlükəsiz, iqtisadi baxımdan fəal və ekoloji cəhətdən dayanıqlı şəhər kimi inkişafını təmin etməkdir. Füzulinin azadlığı tariximizin qürur səhifəsidir və onun dayanıqlı inkişafı isə bu qüruru gələcək nəsillərə ötürməyin ən mühüm yollarından biridir.

Fərid Mustafayev,
YAP Yasamal rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button