AnalitikaGündəmSiyasət

Zəngilan regionun nəqliyyat-logistika sistemində mühüm strateji mövqeyə malik qovşaqdır

Azərbaycan coğrafiyasının mühüm tərkib hissəsi olan Zəngəzurun tarixi qədim daş dövründən başlayır. Zəngəzur ərazisində Böyük İşıqlı və Dəvəboynu dağlarında qədim türk tayfalarına aid qayaüstü rəsmlər, Nüvədi kəndində Qarqadaşı dağında qədim türk yazılı kitabələri, Qubadlı, Zəngilan, Laçın, Qarakilsə, Qafan, Meğri və Gorus rayonlarında qədim yaşayış məskənləri, kurqanlar, dini təyinatlı abidələr, o cümlədən at və qoç heykəlləri aşkar edilib. Tariximizin son iki yüz ili çox ağrılı, torpaq bütövlüyümüzündəfələrlə pozulması, tarixi vətənimizin ikiyə parçalanması kimi ciddi siyasi-hərbi hadisələrlə zəngin olmuşdur. Belə ki, XIX əsrin əvvəllərində Rusiya imperiyasının Qafqazı, o cümlədən tarixi Azərbaycan torpaqlarını işğal etməsi bölgənin tarixən formalaşmış inzibati-ərazi quruluşunun dəyişdirilməsi və şimal imperiyasının müstəmləkə idarəetmə sisteminə uyğunlaşdırılması ilə nəticələndi. İşğal prosesi mərhələli şəkildə həyata keçirildiyi üçün inzibati bölgü də zamanla müxtəlif dəyişikliklərə məruz qaldı.Zəngəzur bölgəsi əzəli Azərbaycan torpaqları olub, zəngin maddi-mədəni irsə, köklü azərbaycanlı əhaliyə malik idi. Lakin XX əsrin əvvəllərində baş verən mürəkkəb siyasi proseslər və sovet dövründə sərhədlərin süni şəkildə dəyişdirilməsi nəticəsində Zəngəzurun əsas hissəsi Ermənistana verildi.  Müasir Zəngilan rayonu çar dövrü inzibati bölgüsündə birbaşa Zəngəzur qəzasının tərkibində yerləşirdi. Çar Rusiyası dövründə Zəngəzur qəzası 1929-cu ildə ləğv edilənə və ya sonrakı inzibati dəyişikliklərə qədər Zəngilan ərazisi Zəngəzur qəzasının cənub-şərq hissəsini, Araz çayı sahilindəki torpaqları əhatə edirdi. 1920-ci illərdə sovet hakimiyyəti illərində Azərbaycan SSR-də aparılan yeni inzibati-ərazi quruculuğu zamanı Zəngəzur qəzası ləğv edildi, onun qərb hissəsi Ermənistana birləşdirildi, şərq və cənub hissələrində isə (Arazboyu torpaqlarda) müstəqil rayonlar (o cümlədən Zəngilan rayonu) yaradıldı. Zəngilan rayonu rəsmi olaraq 1930-cu ildə inzibati rayon statusu aldı.

    Müasir mərhələdə Zəngilan sadəcə tarixi torpaq deyil, həm də regionun nəqliyyat-logistika sistemində mühüm strateji mövqeyə malik qovşaqdır. Zəngəzur dəhlizinin üzərində yerləşən bu bölgə gələcəkdə Naxçıvanla, Türkiyə və bütün Türk dünyası ilə quru əlaqələrinin qurulmasında, eləcə də beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsində müstəsna rol oynayacaqdır. Zəngilan şəhərinin işğaldan azad edilməsindən dərhal sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda misli görünməmiş bərpa, quruculuq və inkişaf prosesinə start verilmişdir. Dövlət başçımızın azad olunmuş Zəngilana mütəmadi səfərləri bölgənin dirçəlişinin və parlaq gələcəyinin əsas təminatına çevrilib.

Doğma yurda qayıdışın ilk ünvanı–Ağalı kəndi…İşğaldan azad edilmiş Zəngilan rayonunun yenidən tikilən Ağalı kəndi Böyük Zəfərin əsas nişanələrindən biridir. “Ağıllı kənd” layihəsi çərçivəsində salınan yaşayış evləri, geniş yollar, müasir məktəb, bağça və digər infrastrukturlar doğma yurda qayıdan keçmiş köçkünlərin sevincinə şahidlik edir. Rahat yaşayış, xoş güzaran, aydın gələcək hər bir sakində məmnunluq və qürur hissləri doğurur.


Emin Süleymanov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

 

Oxşar Xəbərlər

Back to top button