
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli birliyinin, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində mühüm tarixi mərhələ olmuşdur. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərin böyük hissəsini azad etmişdir.
2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin taleyində həlledici rol oynamışdır. Bu qələbə Azərbaycanın hərbi-strateji üstünlüyünü nümayiş etdirməklə yanaşı, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə də mühüm təsir göstərmişdir. Nəticədə, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat hərbi əməliyyatların dayandırılmasına və regionda yeni siyasi reallıqların formalaşmasına şərait yaratmışdır.
Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan edilmişdir. Bu əlamətdar tarix Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi, qazilərin fədakarlığının qiymətləndirilməsi və gələcək nəsillərdə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
8 Noyabr Zəfər Günü Azərbaycan tarixində yalnız hərbi qələbəni deyil, həm də milli həmrəyliyi, suverenliyin möhkəmləndirilməsini və tarixi ədalətin bərpasını təcəssüm etdirir. Bu Zəfər Azərbaycanın gələcək inkişafı və regionda davamlı sülhün təmin olunması baxımından mühüm tarixi əhəmiyyətə malikdir.
Zəhra Əhmədli,
YAP Yasamal rayon təşkilatının fəal gənci



