AnalitikaGündəmSiyasət

Zəfər və Dirçəliş səhifəsi 8 Noyabr – XalqIn seçimi, Müzəffər Ordunun təntənəsi və zirvəyə doğru irəliləyən Azərbaycan

8 Noyabr – Azərbaycan xalqının çoxəsrlik dövlətçilik və mübarizə tarixinin ən parlaq, ən şərəfli zirvəsidir. Otuz ilə yaxın müddətdə torpaqlarımızın işğal altında qalması xalqımızın mənəvi yarasına, milli qürurunun ən önəmli sınağına çevrilmişdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin illərlə kağız üzərində qalması, beynəlxalq təşkilatların ikili standartlara əsaslanan vasitəçilik missiyası və Ermənistanın təxribatçı siyasəti məsələnin dinc yolla həlli imkanlarını heçə endirdi.

2020-ci il noyabrın 8-də Şuşanın azad olunması ilə taclanan 44 günlük Vətən Müharibəsi təkcə torpaqlarımızın qurtuluşu deyil, həm də Cənubi Qafqazda yeni geosiyasi reallıqların yaranması demək idi. 8 Noyabr Zəfər Günü milli həmrəyliyin, güclü dövlət konseptinin və sarsılmaz ordu-xalq birliyinin nümayişinə çevrildi. Bu qələbə göstərdi ki, Azərbaycan öz hüquqlarını və ədaləti bərpa etmək gücünə malik müstəqil güclü dövlətdir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə “Dəmir Yumruq” əməliyyatına – əks-hücum əməliyyatlarına başladı. Bu döyüş yolu hər günü qəhrəmanlıq dastanına çevrilən strateji mərhələlərlə zəngindir.

Müharibənin ilk günlərində otuz il ərzində qurulmuş mürəkkəb mühəndis-istehkam xətləri yarılaraq Füzuli, Cəbrayıl və Murovdağ silsiləsindəki strateji yüksəkliklər nəzarətə götürüldü.Cəbrayıl və Füzuli şəhərlərinin azad edilməsindən sonra cənub istiqamətində sürətli irəliləyiş başladı. Zəngilan və Qubadlı şəhərləri işğaldan azad edildi, Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalandırıldı. Bununla da İranla dövlət sərhədi tam olaraq bərpa olundu.

Müharibənin kulminasiya nöqtəsi Şuşa döyüşləri oldu. Azərbaycanın xüsusi təyinatlı qüvvələri keçilməz sıldırım qayalıqları, sıx meşələri yararaq yüngül silahlarla Şuşaya daxil oldu və şəhəri azad etdi. Şuşanın azad olunması düşmənin hərbi-psixoloji baxımdan tam təslimiyyətini şərtləndirdi.

10 Noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla Ermənistan kapitulasiya aktına imza atdı. Bu sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan Azərbaycana təhvil verildi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri isə suverenliyimizin tam, yekun və qəti bərpasını təmin etdi.

Vətən Müharibəsində qazanılan qələbə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə yanaşı, ölkənin uzunmüddətli inkişaf strategiyasını da yenilədi. Bu gün Qarabağ və Şərqli Zəngəzur iri tikinti-quruculuq meydançasına çevrilib.

Böyük Qayıdış” proqramı çərçivəsində tətbiq edilən müasir konsepsiyalar və gələcək hədəflər aşağıdakı istiqamətləri əhatə edir:

Ağıllı Şəhər və Ağıllı Kənd İnfrastrukturu: İşğaldan azad olunmuş ərazilərdə ən müasir texnologiyalara əsaslanan yaşayış məskənləri salınır (məsələn, Zəngilanda Ağalı, Füzulidə Dövlətyarlı kəndləri), eləcə də mövcud tikililər yenidən qurulur.

Nəqliyyat və Logistika Qovşağı: Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava Limanlarının inşası, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar Azərbaycanı regional və qlobal nəqliyyat marşrutlarının mərkəzinə çevirir.

”Yaşıl Enerji” Zonası: Azad edilmiş ərazilərin zəngin su, günəş və külək enerjisi potensialı əsasında region tam olaraq “yaşıl enerji” mərkəzlərindən birinə çevrilməkdədir.

​Milli Məşğulluq və İqtisadi İnteqrasiya Bölgənin kənd təsərrüfatı, turizm və hasilat potensialının dövlət iqtisadiyyatına inteqrasiyası yeni iş yerlərinin açılmasına və qeyri-neft sektorunun sürətli yüksəlişinə zəmin yaradır.

Zəfərin qazanılmasında birmənalı olaraq müstəsna rol oynayan amil Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi uzaqgörən dövlətçilik xətti, siyasi iradə və hərbi strategiyadır.

Cənab Prezident İlham Əliyevin hakimiyyətinin ilk illərindən etibarən, Silahlı Qüvvələrin maddi-texniki bazası yeniləndi, ən müasir PUA-lar, raket sistemləri, hava hücumundan müdafiə kompleksləri və Komando briqadaları formalaşdırıldı. Bu uzaqgörənlik yalnız ordu quruculuğu ilə məhdudlaşmırdı. Müharibə dövründə Ali Baş Komandan 30-dan çox xarici media qurumuna (BBC, CNN, Al Jazeera, RIA Novosti və s.) intervyu verərək beynəlxalq ictimaiyyətin dezinformasiya blokadasını təkbaşına yardı, Azərbaycanın haqlı mövqeyini faktlarla müdafiə etdi. İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı bütün Azərbaycan xalqını tək bir yumruq kimi birləşdirdi.

Prezident İlham Əliyev bu zəfərlə adını Azərbaycanın çoxəsrlik dövlətçilik salnaməsinə Zəfər Memarı və Müzaffər Sərkərdə kimi qızıl hərflərlə yazdırdı. Onun rəhbərliyi ilə əldə olunan 8 Noyabr Qələbəsi təkcə keçmişin ədalətsizliyini silmədi, həm də gələcək nəsillər üçün başıdik, qürurlu və qüdrətli Azərbaycan miras qoydu.

Vətən Müharibəsində qazanıla zəfər təkcə hərbi və siyasi müstəvidə qazanılan uğur deyil, həm də Azərbaycan cəmiyyətinin mənəvi-psixoloji baxımdan tamamilə yenilənməsi deməkdir. Otuz illik mənəvi yükün, məğlubiyyət sindromunun üzərindən xətt çəkən bu qələbə xalqımızın öz gücünə, dövlətinə və gələcəyinə olan sarsılmaz inamını bərpa etdi. Bu gün müasir Azərbaycan gəncliyi özünü qalib ölkənin və müzəffər xalqın nümayəndəsi kimi dərk edir ki, bu da milli kimliyin formalaşmasında müstəsna rol oynayır.

Gələcək perspektivlər kontekstində Azərbaycan qarşısına daha böyük hədəflər qoyur. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Zəngəzur dəhlizi vasitəsilə Türk dünyasının coğrafi və iqtisadi bütünlüyünün gücləndirilməsi, habelə Azərbaycanın beynəlxalq arenada nüfuzlu geosiyasi aktora çevrilməsi bu strateji yolun ana xəttini təşkil edir. Qazanılan hərbi Zəfər indi elm, təhsil, innovasiya və yaşıl texnologiyalar sahəsində yeni zəfərlərlə tamamlanır.

Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və Ali Baş Komandanın dəmir iradəsi ilə yazılan bu şərəfli tarix əbədi yaşayacaq. 8 Noyabr – Azərbaycanın dirçəliş, qüdrət və sarsılmaz birlik rəmzi kimi gələcək nəsillərə yol göstərən ən parlaq məşəldir.

 

Sabir Məmmədli,
YAP Yasamal rayon “S.Əsgərova küç 85” ünvanı (ƏƏSMN) üzrə ərazi partiya təşkilatının fəal üzvü.

 

Oxşar Xəbərlər

Back to top button