Azərbaycan əsgərinin qəhrəmanlığı Şuşanı azadlığa qovuşdurdu

Şuşanın azadlığı Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biridir. 2020-ci ilin noyabrında dağlıq ərazidə aparılan ağır döyüşlər zamanı hərbçilərimiz böyük cəsarət, dözümlülük və fədakarlıq nümayiş etdirdilər. Onlar qarşılaşdıqları bütün çətinliklərə baxmayaraq, doğma torpağı düşmən işğalından azad etmək məqsədindən bir an belə geri çəkilmədilər.
Şuşaya aparan yollar asan deyildi. Sıldırım qayalar, dərin yarğanlar, meşəliklər və mürəkkəb relyef hərbi əməliyyatın gedişini çətinləşdirirdi. Lakin Azərbaycan əsgəri Vətən sevgisini hər şeydən üstün tutaraq bu maneələri aşdı. Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləri şəhərə daxil olaraq düşmənin müdafiə mövqelərinə ağır zərbələr endirdilər.
Şuşa uğrunda döyüşlərdə iştirak edən hər bir hərbçinin göstərdiyi fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu qəhrəmanlıq nümunələri sübut etdi ki, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə, peşəkar kadrlara və güclü mənəvi ruhа malikdir. Əsgərlərimizin qətiyyəti xalqın ordusuna olan inamını daha da möhkəmləndirdi.
Prezident İlham Əliyevin Ali Baş Komandan kimi həyata keçirdiyi məqsədyönlü siyasət, Ordunun müasirləşdirilməsi və hərbi potensialın gücləndirilməsi Şuşa Zəfərinin mühüm əsaslarını təşkil edirdi. Dövlət başçısının rəhbərliyi ilə formalaşdırılmış güclü ordu Vətən müharibəsində üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirdi.
Bu gün azad Şuşanın küçələrində dalğalanan üçrəngli Bayrağımız Azərbaycan əsgərinin qəhrəmanlığının canlı sübutudur. Şuşa Şəhəri Günü münasibətilə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların fədakarlığı sayəsində Qarabağ torpaqları azadlığa qovuşub və Şuşa yenidən öz doğma sakinlərini qoynuna alıb.
Gövhər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 15” ərazi partiya təşkilatının sədr müavini



