AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şuşanın azadlığı – tarixə yazılan qəhrəmanlıq dastanı

Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin də dünyagörüşünə və milli yaddaşına təsir göstərir. Şuşanın 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi məhz belə hadisələrdəndir. Bu qələbə Azərbaycan xalqının tarixi iradəsinin, milli birliyinin və mübarizə əzminin təntənəsi kimi yadda qalıb.

Şuşa uğrunda döyüşlər Azərbaycan Ordusunun ən mürəkkəb əməliyyatlarından biri idi. Hərbçilərimiz dağlıq ərazidə, çətin hava şəraitində və düşmənin güclü müqaviməti qarşısında irəliləyərək şəhərə daxil oldular. Əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq onların yalnız hərbi hazırlığını deyil, həm də Vətənə olan sonsuz sevgisini nümayiş etdirdi.

Şuşanın azad edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi-siyasi strategiyanın mühüm nəticəsi idi. Prezidentin qətiyyətli mövqeyi, xalqın ona göstərdiyi dəstək və Azərbaycan Ordusunun döyüş meydanındakı uğurları bir-birini tamamladı. Beləliklə, xalqımız uzun illər gözlədiyi tarixi ədalətə qovuşdu.

Qələbədən sonra Şuşada həyata keçirilən bərpa işləri şəhərin yeni inkişaf mərhələsinin əsasını qoydu. Tarixi-memarlıq abidələri, dini məkanlar və mədəniyyət obyektləri bərpa edildi, yeni yollar və yaşayış kompleksləri inşa olundu. Şuşanın yenidən qurulması həm də xalqımızın öz milli irsinə sahib çıxmasının parlaq göstəricisidir.

Şuşa bu gün Zəfər tariximizin canlı səhifəsidir. Burada keçirilən mədəni tədbirlər, beynəlxalq festivallar və dövlət səviyyəli mərasimlər şəhərin əvvəlki şöhrətini qaytarır. Şuşa Şəhəri Günü münasibətilə bu qəhrəmanlıq dastanını yazan şəhidlərimizi rəhmətlə anır, qazilərimizə ehtiramımızı bildiririk.

Tofiqə Qurbanova,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 24/12” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button