AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şuşa – şəhidlərimizin qanı ilə yazılan müqəddəs Zəfər

Şuşanın azad edilməsi Azərbaycan xalqının yaddaşında həm böyük sevinc, həm də dərin ehtiram hissi ilə yaşayır. Bu qələbə asan əldə edilməyib. Onun arxasında Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs qanı, yaralanaraq sağlamlığını itirən qazilərimizin fədakarlığı və Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı dayanır.

2020-ci ilin payızında başlayan Vətən müharibəsi xalqımızın milli iradəsinin sınağına çevrildi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqların azad edilməsi uğrunda qətiyyətlə mübarizə apardı. Şuşa uğrunda döyüşlər isə bu mübarizənin ən ağır və eyni zamanda ən şərəfli mərhələlərindən biri oldu.

Azərbaycan əsgərləri sıldırım qayaları aşaraq, mürəkkəb dağ yolları ilə irəliləyərək Şuşaya daxil oldular. Onlar düşmənin müqavimətini qırmaq üçün böyük cəsarət və fədakarlıq nümayiş etdirdilər. Hər bir döyüşçü Vətən torpağının azadlığını şəxsi həyatından üstün tutaraq tarixi missiyasını yerinə yetirdi.

Prezident İlham Əliyevin Şuşanın azad olunmasını elan etməsi xalqımızın yaddaşına əbədi həkk olundu. Bu xəbər şəhidlərimizin arzularının gerçəkləşməsi, qazilərimizin mübarizəsinin bəhrəsi və xalqımızın uzun illər davam edən həsrətinin sona çatması idi. Şuşada dalğalanan Azərbaycan Bayrağı şəhidlərimizin bizə əmanət qoyduğu müqəddəs dəyərlərin rəmzinə çevrildi.

Bu gün Şuşa azaddır və onun küçələrində həyat yenidən canlanır. Şəhərin bərpası, sakinlərin doğma yurda qayıdışı və mədəni tədbirlərin keçirilməsi Zəfərin davamıdır. Şuşa Şəhəri Günü münasibətilə bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığı heç zaman unudulmayacaq.

Bahadur Məmmədov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button