Şuşa – Azərbaycan xalqının sarsılmaz iradəsinin təcəssümü

Xalqın gücü onun milli birliyində, tarixinə bağlılığında və çətinliklər qarşısında göstərdiyi iradədə özünü büruzə verir. Şuşanın azad edilməsi Azərbaycan xalqının bu xüsusiyyətlərini bütün dünyaya nümayiş etdirən tarixi hadisə oldu. Uzun illər davam edən işğala baxmayaraq, xalqımız doğma şəhərinə qayıtmaq arzusundan heç vaxt vaz keçmədi.
Şuşanın işğal altında olduğu dövrdə Azərbaycan dövləti ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl siyasət həyata keçirdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini müdafiə edir, işğal faktını daim dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Eyni zamanda, iqtisadi inkişaf və hərbi quruculuq sahəsində görülən işlər Azərbaycanın imkanlarını daha da artırırdı.
2020-ci ildə başlanan Vətən müharibəsi xalqımızın sarsılmaz iradəsinin real nəticəyə çevrildiyi mərhələ oldu. Azərbaycan Ordusu qısa müddət ərzində böyük hərbi uğurlar əldə edərək işğal altındakı ərazilərin azad edilməsini təmin etdi. Şuşanın azad olunması isə bu mübarizənin ən mühüm zirvəsinə çevrildi. Hərbçilərimizin dağlıq ərazidə göstərdiyi qəhrəmanlıq dünya hərb tarixində diqqətəlayiq nümunə oldu.
Qələbədən sonra dövlətimiz azad edilmiş ərazilərdə quruculuq prosesinə başladı. Şuşada həyata keçirilən bərpa layihələri, tarixi abidələrin qorunması və sakinlərin doğma yurda qayıdışı xalqımızın iradəsinin davamlılığını göstərir. Şəhər yenidən inkişaf edir, mədəni tədbirlərə ev sahibliyi edir və beynəlxalq aləmdə tanınır.
Şuşa Azərbaycan xalqının sarsılmaz iradəsinin əbədi rəmzidir. Bu şəhərin azadlığı sübut etdi ki, xalq öz milli məqsədləri ətrafında birləşdikdə heç bir çətinlik qarşısında geri çəkilmir. Şuşa Şəhəri Günü bu iradənin, birliyin və qələbə əzminin təntənəsidir.
Mürsəl Bəkirli,
YAP Nizami rayon təşkilatının fəalı


