
“Biz elə bir Konstitusiya hazırlamalı və qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsipləri ilə yaşamasını təmin edən uzunmüddətli Əsas Qanun olsun. Bu sənəd xalqımızın iradəsini, azadlıq arzusunu və gələcək inkişaf yolunu əks etdirməlidir.” Ulu Öndər Heydər Əliyev
Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin müstəqillik tarixində qəbul edilən Əsas Qanun kimi həm də xalqımızın azadlıq iradəsinin, demokratik dəyərlərə sədaqətinin əyani təzahürüdür. Hər il noyabr ayının 12-də qeyd olunan Konstitusiya Günü cəmiyyətimizdə hüquqi şüurun inkişafına, qanunun aliliyi prinsipinin dərk edilməsinə və vətəndaş məsuliyyətinin artırılmasına xidmət edir.
Müstəqilliyin bərpasından sonra ölkəmiz dərin siyasi və iqtisadi böhranlarlə üz-üzə qalmış, hüquqi bazanın formalaşdırılması həyati zərurətə çevrilmişdi. Məhz bu çətin tarixi mərhələdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yeni Konstitusiya layihəsinin hazırlanması üçün xüsusi komissiya yaradıldı. Uzun müzakirələrdən və xalqın rəyinin öyrənilməsindən sonra, 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu sənəd ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun təməl daşını qoydu.
Konstitusiya dövlətin strukturunu, hakimiyyət qollarının bölgüsünü və səlahiyyətlərini müəyyən etməklə yanaşı, vətəndaşların fundamental hüquq və azadlıqlarını da yüksək səviyyədə təmin edir. Əsas Qanunumuz insan hüquqlarının qorunmasını ali məqsəd elan edərək hər bir vətəndaşın bərabərliyini, söz, vicdan və sərbəst toplaşmaq azadlığını təminat altına alır. Bu hüquqlar cəmiyyətin sağlam təməllər üzərində inkişaf etməsinə və fərdlərin dövlət idarəçiliyində fəal iştirakına şərait yaradır.
Hüquqi dövlət anlayışı qanun qarşısında hər kəsin bərabər olmasını və dövlət orqanlarının da qanunlara tabe olmasını tələb edir. Konstitusiyamız bu prinsipi əsas götürərək hakimiyyətin bölgüsü mexanizmini – qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətini və balansını dəqiq tənzimləyir. Məhkəmə hakimiyyətinin müstəqilliyi və ədalət mühakiməsinin həyata keçirilməsi vətəndaşların hüquqlarının etibarlı müdafiə qalxanına çevrilmişdir.
Zaman keçdikcə cəmiyyətin ehtiyacları və qlobal çağırışlar fonunda Əsas Qanunumuza da zəruri əlavələr və dəyişikliklər edilib. Xüsusilə ölkəmizin sosial-iqtisadi inkişafı, idarəetmə sisteminin təkmilləşdirilməsi və dövlət suverenliyinin tam bərpası konstitusional islahatların dərinləşməsini şərtləndirmişdir. Bu dəyişikliklər dövlətimizin çevikliyini artırmaqla yanaşı, vətəndaş rifahının yüksəldilməsinə də geniş imkanlar açır.
Nəticə etibarilə, Konstitusiya Günü sadəcə təqvim bayramı deyil, həm də xalqımızın hüquqi yetkinliyinin və dövlətçilik şüurunun simvoludur. Hər bir vətəndaş Konstitusiyanın tələblərini bilməli, hüquqları ilə yanaşı vəzifələrini də layiqincə yerinə yetirməlidir. Əsas Qanunumuzun keşiyində dayanmaq, onun aliliyini qorumaq güclü, firavan və ədalətli Azərbaycan dövlətinin gələcəyinin əsas təminatıdır.
Azərbaycan Prezidenti İlham Əliyev: “Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin bütün ərazisində tam şəkildə işləməlidir və işləyir. Bizim ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Konstitusiyamızın aliliyinin bütün torpaqlarımızda təmin edilməsi deməkdir.”
Bəndəliyeva Aygün,
Nizami rayonu 32 saylı məktəbin tarix müəllimi



