AnalitikaGündəmSiyasət

25 noyabr – kəlbəcər şəhəri günü

25 noyabr Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistanın işğalından azad edilərək Azərbaycanın nəzarətinə qaytarılmışdır. Bu tarixi hadisə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən baş vermişdir. Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və misilsiz təbiət gözəlliklərinə malik olan dilbər guşələrindən biridir. Öz füsunkar dağları, mineral su ehtiyatları, tarixi abidələri və təbii sərvətləri ilə seçilən bu diyar xalqımızın milli-mənəvi irsində mühüm yer tutur. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər uzun illər ərzində ağır dağıntılara və talanlara məruz qalmışdır. Minlərlə soydaşımız doğma yurdlarından didərgin düşmüş, öz ata-baba torpaqlarına qayıtmaq arzusu ilə yaşamışdır. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması yolunda mühüm nəticələrdən biri olmuşdur. Dövlətimizin başçısının siyasi iradəsi, qətiyyətli mövqeyi və Azərbaycan xalqının birliyi Kəlbəcərin azadlığı ilə nəticələnən tarixi prosesin mühüm amilləri sırasında yer almışdır. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yol infrastrukturu, yaşayış məntəqələri, sosial obyektlər və digər mühüm layihələr bölgənin yenidən dirçəldilməsinə xidmət edir. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı tarixi ədalətin bərpasının mühüm göstəricisidir. Biz gənclər Kəlbəcərin tarixini, işğal dövründə yaşadığı faciələri və azadlıq mübarizəsini unutmamalı, bu torpaqların qorunması və inkişafı naminə öz məsuliyyətimizi dərk etməliyik. Kəlbəcər bizim milli qürurumuz, dövlətçilik tariximizin və Zəfər salnaməmizin ayrılmaz hissəsidir. 25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə xalqımızı təbrik edir, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Maqsud Əhmədzadə,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button