AnalitikaGündəmSiyasət

Qubadlıda müasir infrastruktur iqtisadi dirçəlişin əsasını qoyur

İşğaldan azad edilmiş ərazilərin davamlı inkişafı üçün müasir infrastrukturun yaradılması mühüm şərtdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda yol, enerji, su və yaşayış infrastrukturu sahələrində həyata keçirilən layihələr şəhərin gələcək iqtisadi potensialının reallaşdırılmasına xidmət edir. Bu işlər yalnız mövcud ehtiyacların qarşılanması deyil, həm də uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradılması məqsədi daşıyır.

Qubadlıya qayıdışın təmin olunması üçün ilk növbədə yaşayış məntəqələrinin əlçatanlığı və kommunal xidmətlərin etibarlılığı vacibdir. Yeni yolların çəkilməsi, elektrik yarımstansiyalarının qurulması və su təsərrüfatı layihələrinin planlaşdırılması bu baxımdan mühüm əhəmiyyət daşıyır. İnfrastrukturun paralel şəkildə inkişaf etdirilməsi quruculuq işlərinin daha səmərəli aparılmasına imkan yaradır.

Prezident İlham Əliyevin 2021-ci ildə Qubadlıya səfəri zamanı 110/35/10 kilovoltluq Qubadlı yarımstansiyasının açılışı və Xanlıq–Qubadlı avtomobil yolunun təməlqoyma mərasimi keçirildi. 2022-ci ildə isə şəhərin Baş planına baxış keçirildi, yeni enerji obyektləri və su təsərrüfatı layihələri ilə bağlı işlər nəzərdən keçirildi. Bu addımlar Qubadlının inkişafının kompleks yanaşma əsasında həyata keçirildiyini göstərir.

Müasir infrastruktur kənd təsərrüfatı, ticarət, xidmət və turizm sahələrinin inkişafına da imkan yaradır. Etibarlı nəqliyyat əlaqələri məhsulların bazarlara çatdırılmasını asanlaşdırır, enerji təminatı yeni müəssisələrin fəaliyyətinə şərait yaradır. Kommunal xidmətlərin inkişafı isə sakinlərin yaşayış səviyyəsinin yüksəldilməsi və yeni iş yerlərinin yaradılması üçün mühüm əsasdır.

Qubadlının iqtisadi dirçəlişi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasətinin mühüm nəticələrindən biri olacaq. İnfrastruktur layihələri şəhərin müasir yaşayış məkanına çevrilməsinə, yerli potensialın üzə çıxmasına və regionun iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir. Qubadlıda qurulan hər bir yeni obyekt gələcək tərəqqinin əsasını möhkəmləndirir.

Nuray Kərimli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button