AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

8 Noyabr – Zəfər Günü: Qalib xalqın şanlı tarixindən

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürurunu, dövlətçilik iradəsini və Vətənə sonsuz sevgisini özündə əks etdirən möhtəşəm tarixi gündür. Bu gün xalqımızın illərlə qəlbində yaşatdığı torpaq həsrətinin sona çatdığı, milli birliyin və sarsılmaz əzmin tarixi Qələbəyə çevrildiyi gündür.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. 44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq, yüksək döyüş hazırlığı və əsl vətənpərvərlik nümayiş etdirdi. Müzəffər Azərbaycan Ordusunun qazandığı uğurlar noyabrın 8-də Şuşanın azad edilməsi ilə tarixi zirvəyə çatdı. Şuşanın azad olunması Azərbaycanın hərbi və siyasi Qələbəsinin mühüm rəmzinə çevrildi.

Bu Qələbə yalnız döyüş meydanında əldə edilən uğur deyil, həm də xalqımızın milli həmrəyliyinin, sarsılmaz iradəsinin və Vətənə bağlılığının təntənəsi idi. Müharibə günlərində bütün Azərbaycan xalqı vahid amal ətrafında birləşərək ordusuna mənəvi dəstək göstərdi. Ön və arxa cəbhənin birliyi, əsgər və zabitlərimizin fədakarlığı tariximizə qızıl hərflərlə yazıldı.

Zəfərin əldə olunmasında canlarından keçən şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların müqəddəs xatirəsi qarşısında baş əyir, qazilərimizin fədakarlığını dərin ehtiramla yad edirik. Bu gün azad və bütöv Vətənimizdə dalğalanan üçrəngli bayrağımız hər bir şəhidimizin arzusunun, hər bir Azərbaycan vətəndaşının qürurunun ifadəsidir.

Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılması yeni inkişaf mərhələsinin əsasını qoydu. Doğma yurdlarına qayıdan sakinlər, yenidən qurulan şəhər və kəndlər, bərpa edilən tarixi abidələr Zəfərin yaratdığı yeni reallıqların bariz nümunəsidir.

8 Noyabr – Zəfər Günü bizə bir daha xatırladır ki, milli birlik, güclü dövlətçilik və Vətənə sədaqət xalqın ən böyük sərvətidir. Bu tarixi Qələbə gələcək nəsillər üçün vətənpərvərlik, cəsarət və fədakarlıq məktəbi olaraq qalacaq.

Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, bayrağımız daim ucalarda olsun!

8 Noyabr – Zəfər Günümüz mübarək!

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button