AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Ağdam – Qarabağın müasir inkişaf modelinin yeni ünvanı

Ağdam Şəhəri Günü Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan hadisələrin, milli iradənin və gələcəyə hesablanmış inkişaf strategiyasının təcəssümüdür. Bu gün Ağdam yalnız yenidən qurulan şəhər kimi deyil, həm də Qarabağın iqtisadi, sosial və mədəni həyatında mühüm rol oynayacaq müasir inkişaf mərkəzi kimi diqqət çəkir. Şəhərin qarşısında duran əsas hədəf müasir şəhərsalma prinsiplərinə uyğun, insanların rahat yaşayışı üçün bütün imkanlara malik bir məkan formalaşdırmaqdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti Ağdamın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Şəhərin Baş planının hazırlanması və təsdiqlənməsi, infrastruktur layihələrinin ardıcıl şəkildə icrası, yaşayış və ictimai obyektlərin inşası bu strategiyanın konkret nəticələridir. Ağdamda aparılan işlər təsadüfi layihələr toplusu deyil, vahid inkişaf konsepsiyasına əsaslanan sistemli fəaliyyətin tərkib hissəsidir.

Şəhərin yenilənməsi zamanı nəqliyyat, enerji, su təchizatı, rabitə və digər kommunal xidmətlərin müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilir. Yeni yolların çəkilməsi, dəmir yolu və avtovağzal kompleksinin yaradılması Ağdamın ölkənin digər bölgələri ilə əlaqələrini daha da gücləndirəcək. Bu imkanlar şəhərin həm yaşayış məkanı, həm də iqtisadi fəaliyyət mərkəzi kimi mövqeyini möhkəmləndirəcək.

Ağdamın inkişafında sənaye və sahibkarlıq sahələrinin də xüsusi yeri var. Ağdam Sənaye Parkının fəaliyyəti yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan səmərəli istifadə və məşğulluğun artırılması baxımından böyük əhəmiyyət daşıyır. Burada formalaşacaq iqtisadi fəallıq şəhərin özünəməxsus inkişaf modelinin yaranmasına, regionun ümumi iqtisadi potensialının genişlənməsinə töhfə verəcək.

Ağdam Şəhəri Günü bu böyük dəyişikliklərin əhəmiyyətini bir daha diqqətə çatdırır. Şəhərin gələcəyi müasir infrastruktur, dayanıqlı iqtisadiyyat, sosial rifah və zəngin mədəni həyat prinsipləri üzərində qurulur. Ağdamın qarşıdakı illərdə Qarabağın aparıcı inkişaf mərkəzlərindən birinə çevrilməsi Azərbaycanın güclü dövlətçilik iradəsinin və ardıcıl quruculuq siyasətinin mühüm nəticəsi olacaq.

Vəfa Bayramova,
YAP Nizami rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button