
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında etibarlı tərəfdaşlıq qarşılıqlı hörmət, siyasi dialoq və ortaq maraqlar əsasında formalaşır. Azərbaycan da məhz bu prinsiplərə söykənən xarici siyasət kursu ilə beynəlxalq nüfuzunu möhkəmləndirir və Avropa dövlətləri ilə əlaqələrini davamlı şəkildə inkişaf etdirir. Bu baxımdan Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri və Berlində keçirilən görüşlər iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi.
Səfər çərçivəsində aparılan danışıqlar siyasi dialoqun genişləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, yaşıl enerji və investisiya sahələrində əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratdı. İmzalanan İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəliyə dair Birgə Bəyannamə münasibətlərin institusional əsaslarını gücləndirməklə yanaşı, uzunmüddətli əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirdi.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi rolunu xüsusi vurğuladı. Ölkəmiz təbii qaz ixracı ilə yanaşı, bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələrlə də Avropa üçün mühüm əhəmiyyət daşıyır. Günəş və külək enerjisi üzrə reallaşdırılan təşəbbüslər, eləcə də yaşıl enerji ixracı perspektivləri Azərbaycan–Almaniya əməkdaşlığına yeni məzmun qazandırır.
Görüşlərdə nəqliyyat və logistika sahəsində əməkdaşlıq da əsas müzakirə mövzularından oldu. Orta Dəhlizin artan strateji əhəmiyyəti fonunda Azərbaycanın tranzit imkanları Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfə verir. Almaniyanın sənaye və logistika potensialı ilə Azərbaycanın müasir nəqliyyat infrastrukturu bu istiqamətdə geniş əməkdaşlıq perspektivləri yaradır.
Səfər zamanı Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləri də diqqət mərkəzində oldu. Almaniya regionda davamlı sülhün bərqərar olunmasına dəstəyini ifadə edərək Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesini müsbət qiymətləndirdi. Bu yanaşma ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyinə verilən siyasi dəstəyin göstəricisidir.
Ümumilikdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərində strateji tərəfdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirdi. Səfər çərçivəsində əldə olunan razılaşmalar siyasi dialoqun genişlənməsinə, iqtisadi əməkdaşlığın dərinləşməsinə və yeni birgə layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaratmaqla yanaşı, Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirdi.



