AnalitikaGündəmSiyasət

Təhsilverənlərin geyim mədəniyyəti təhsil müəssisəsində vahid yanaşmanın formalaşmasına xidmət edir

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı müəyyən edilmiş tələblər məktəbdə vahid peşəkar görünüşün formalaşdırılması və işgüzar ünsiyyət mədəniyyətinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müəllim yalnız bilik və bacarıqları şagirdlərə ötürən şəxs deyil, eyni zamanda davranışı, ünsiyyət tərzi və xarici görünüşü ilə nümunə göstərən pedaqoji fiqurdur. Bu baxımdan onun geyim seçimi peşə məsuliyyətinin və təhsil mühitinə münasibətinin ifadəsi kimi dəyərləndirilə bilər.

Müəllimlərin işgüzar geyim tərzinə riayət etməsi məktəbdə nizam-intizamın qorunmasına, peşəkar münasibətlərin inkişafına və təlim prosesinin məqsədyönlü təşkilinə müsbət təsir göstərir. Səliqəli, sadə və təhsil mühitinə uyğun geyim müəllimin fəaliyyətinə diqqəti artırır, şagirdlərdə isə dərs prosesinə ciddi münasibətin formalaşmasına kömək edir. Belə yanaşma məktəbin gündəlik fəaliyyətində peşəkarlıq meyarlarının daha aydın şəkildə görünməsinə imkan yaradır.

Geyimlə bağlı vahid tələblər təhsil müəssisəsində ümumi korporativ mədəniyyətin formalaşmasına da töhfə verir. Şagirdlərin məktəbli forması geyinməsi ilə yanaşı, müəllimlərin də müəyyən edilmiş işgüzar üsluba üstünlük verməsi məktəbin daxili qaydalarına hörmətin və kollektiv məsuliyyətin vizual ifadəsinə çevrilir. Bu, təhsil müəssisəsinin özünəməxsus idarəetmə mədəniyyətini nümayiş etdirir və kollektivdə ortaq dəyərlərin möhkəmlənməsini dəstəkləyir.

Müəllim geyiminin əsas xüsusiyyətlərindən biri onun pedaqoji fəaliyyətə uyğun olmasıdır. Geyim sərbəst hərəkətə mane olmamalı, dərsin gedişində diqqəti yayındırmamalı və müəllimin şagirdlərlə ünsiyyətinə çətinlik yaratmamalıdır. Təlim prosesinin səmərəli təşkili üçün müəllimin zahiri görünüşü ilə peşə fəaliyyəti arasında uyğunluq qorunmalıdır. Bu uyğunluq dərsin idarə edilməsini asanlaşdırır və təhsil mühitində işgüzar atmosferin saxlanmasına şərait yaradır.

Eyni zamanda, müəllimin xarici görünüşü şagirdlərin məktəb mühitinə münasibətinə, davranış normalarını qavramasına və peşəkar ünsiyyət mədəniyyətini mənimsəməsinə təsir göstərir. Pedaqoq öz nümunəsi ilə səliqəliliyin, ölçülü davranışın və ictimai mühitə uyğun görünüşün əhəmiyyətini nümayiş etdirir. Buna görə də geyim qaydalarına əməl edilməsi formal tələb kimi deyil, müəllim peşəsinin nüfuzunu və təhsil müəssisəsinin ümumi fəaliyyət mədəniyyətini dəstəkləyən amil kimi qəbul edilməlidir.

Kəmalə Kazımlı,
YAP Xətai rayon təşkilatı fəalı

Oxşar Xəbərlər

Back to top button