AnalitikaGündəmSiyasət

Azərbaycan–İtaliya: strateji tərəfdaşlığının yeni və dayanıqlı mərhələsi

2026-cı il mayın 4-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorgia Meloni arasında keçirilən görüş və səsləndirilən bəyanatlar iki ölkə arasındakı münasibətlərin həm siyasi, həm də iqtisadi müstəvidə geniş və çoxşaxəli xarakter daşıdığını bir daha nümayiş etdirdi.

Bu səfər təkcə diplomatik protokol çərçivəsində baş verən hadisə deyil, eyni zamanda region və Avropa miqyasında geosiyasi dinamikanın formalaşmasına təsir edən əhəmiyyətli addım kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycan ilə İtaliya arasında artıq formalaşmış və praktik nəticələr verən strateji tərəfdaşlıq modelinin mövcudluğudur. 2014 və 2020-ci illərdə imzalanmış sənədlər bu münasibətlərin hüquqi-siyasi əsasını təşkil edir. Xüsusilə 2020-ci ildə Romada qəbul edilən “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” əməkdaşlığın inkişaf istiqamətlərini müəyyən edən mühüm yol xəritəsi rolunu oynayır.

Səfərin diqqətçəkən cəhətlərindən biri də Ciorgia Meloninin regiona səfəri çərçivəsində əvvəlcə Ermənistana, daha sonra isə Azərbaycana gəlməsi idi. Dövlət başçısı bu ardıcıllığın rəmzi məna daşıdığını qeyd edərək, bunu Azərbaycana göstərilən hörmət və balanslı yanaşmanın ifadəsi kimi dəyərləndirdi. Bu yanaşma İtaliyanın Cənubi Qafqaz siyasətində praqmatik və çoxvektorlu mövqe tutduğunu göstərir.

Siyasi əlaqələrlə yanaşı, iqtisadi əməkdaşlıq da strateji mahiyyət daşıyır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır və 2025-ci ildə ticarət dövriyyəsinin təxminən 12 milyard dollara çatması bu münasibətlərin miqyasını aydın şəkildə ortaya qoyur.

Energetika sahəsi isə tərəfdaşlığın əsas sütunlarından biridir. Azərbaycan İtaliyanın neft və qaz təchizatında mühüm rol oynayır və bu sahədə formalaşmış qarşılıqlı etimad uzun illərə söykənir. Bu baxımdan Trans-Adriatic Pipeline (TAP) layihəsi xüsusi əhəmiyyət kəsb edir. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan bu boru kəməri Azərbaycan qazının Avropa bazarına çıxışını təmin etməklə yanaşı, qitənin enerji təhlükəsizliyinə də ciddi töhfə verir.

Görüş çərçivəsində qaz ixracının artırılması və TAP layihəsinin genişləndirilməsi məsələlərinin müzakirəsi gələcək əməkdaşlıq perspektivlərinin daha da geniş olduğunu göstərir.

Enerji sektorundan əlavə, hərbi-texniki əməkdaşlıq da yeni istiqamət kimi ön plana çıxır. Birgə istehsal, texnologiya mübadiləsi və qarşılıqlı investisiya imkanları bu sahədə tərəfdaşlığın dərinləşəcəyinə işarə edir və Azərbaycanın müdafiə sənayesinin inkişafına əlavə imkanlar yaradır.

İqtisadi əməkdaşlıq yalnız enerji ilə məhdudlaşmır. Azərbaycan Dövlət Neft Fondu tərəfindən İtaliya iqtisadiyyatına yatırılan təxminən 3 milyard dollarlıq sərmayə qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın göstəricisidir. Bununla yanaşı, İtaliyanın 130-a yaxın şirkətinin Azərbaycanda fəaliyyəti, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən çoxsaylı layihələr əməkdaşlığın real nəticələrini əks etdirir.

Humanitar və təhsil sahəsində də əməkdaşlıq diqqətəlayiqdir. Bakıda fəaliyyət göstərən İtaliya–Azərbaycan Universiteti iki ölkə arasında elmi və intellektual əlaqələrin inkişafında mühüm rol oynayır. Burada təhsil alan tələbələrin sayı artdıqca, gələcəkdə bu münasibətlərin daha da möhkəmlənməsi üçün güclü baza formalaşır.

Tarixi baxımdan Azərbaycan ilə İtaliya arasında münasibətlər 1992-ci ildən etibarən ardıcıl şəkildə inkişaf edib və bu gün çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Yüksək səviyyəli qarşılıqlı səfərlər, geniş müqavilə-hüquq bazası və parlamentlərarası əməkdaşlıq bu əlaqələrin institusional əsaslarını daha da möhkəmləndirir.

Nəticə etibarilə, 4 may 2026-cı il tarixli Bakı görüşü Azərbaycan–İtaliya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirir. Energetika, ticarət, müdafiə sənayesi, təhsil və investisiya sahələrində genişlənən əməkdaşlıq iki ölkəni təkcə tərəfdaş deyil, eyni zamanda uzunmüddətli strateji müttəfiqlərə çevirir. Bu model qarşılıqlı maraqlara əsaslanan, dayanıqlı və gələcəyə yönəlmiş əməkdaşlığın uğurlu nümunəsi kimi çıxış edir.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button