AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Azərbaycan Ordusu – Zəfərə aparan qəhrəmanlıq yolu

Azərbaycan Ordusu xalqımızın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün ən etibarlı təminatçısıdır. Tarixin müxtəlif dövrlərində xalqımız Vətən uğrunda mübarizə aparmış, torpaqlarımızın müdafiəsi naminə böyük fədakarlıqlar göstərmişdir. 44 günlük Vətən müharibəsi isə Azərbaycan əsgərinin gücünü, iradəsini və döyüş ruhunu bütün dünyaya nümayiş etdirən möhtəşəm qəhrəmanlıq salnaməsinə çevrildi.

Müstəqilliyimizin ilk illərindən etibarən ordu quruculuğu Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olmuşdur. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası əsasında formalaşan hərbi inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Ordunun maddi-texniki bazası gücləndirildi, müasir silah və texnikalar alındı, hərbi qulluqçuların peşəkarlığının artırılmasına xüsusi diqqət yetirildi.

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi. Döyüşlər zamanı hərbçilərimiz yüksək döyüş hazırlığı, çevik taktika və böyük fədakarlıq göstərdilər. Hər bir azad edilən yaşayış məntəqəsi xalqımızın illərlə gözlədiyi ədalətin bərpasına doğru atılan mühüm addım idi.

Şuşanın azad olunması Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri kimi yadda qaldı. Çətin relyef və mürəkkəb döyüş şəraitində həyata keçirilən əməliyyatlar əsgər və zabitlərimizin misilsiz cəsarətini göstərdi. Bu qələbə Azərbaycan Ordusunun yalnız texniki imkanlarını deyil, həm də yüksək mənəvi hazırlığını ortaya qoydu.

Bu gün Azərbaycan Ordusu Zəfərdən doğan məsuliyyətlə öz inkişafını davam etdirir. Şəhidlərimizin xatirəsi, qazilərimizin qəhrəmanlığı və hərbi qulluqçularımızın fədakarlığı xalqımız üçün daim qürur mənbəyidir. Azərbaycan əsgərinin Vətənə sədaqəti dövlətimizin gücünün və gələcək nəsillərin təhlükəsizliyinin əsas təminatlarından biridir.

Aysel Əliyeva,
YAP Nizami rayon təşkilatının “Rüstəm Rüstəmov küçəsi, 56” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button