
“1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycan tarixində deyil, bütövlükdə Şərq və müsəlman dünyasının siyasi tarixində mühüm dönüş nöqtəsi olub. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC milli dövlətçilik ənənələrinin formalaşması, demokratik idarəetmə prinsiplərinin tətbiqi və müasir Azərbaycan dövlətinin ideoloji əsaslarının yaradılması baxımından əvəzsiz rol oynayıb”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm tarixi xüsusiyyəti onun Şərqdə və müsəlman aləmində ilk demokratik, hüquqi və parlamentli respublika olması idi: “İstiqlal Bəyannaməsinin qəbul olunması Azərbaycan xalqının azadlıq və müstəqillik iradəsini bütün dünyaya nümayiş etdirib. Bu addım yalnız siyasi müstəqillik aktı deyil, həm də xalqın milli özünüdərk mərhələsinə yüksəlməsinin göstəricisi olub. AXC-nin dövlət quruluşu dövrün ən qabaqcıl demokratik prinsiplərinə əsaslanıb. Parlamentin yaradılması, çoxpartiyalı siyasi sistemin formalaşdırılması, qanunvericilik fəaliyyətinin həyata keçirilməsi, insan hüquq və azadlıqlarına verilən önəm həmin dövr üçün olduqca mütərəqqi yanaşma hesab olunub. Xüsusilə bütün vətəndaşlara dini, milli və sosial mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqların verilməsi demokratik dövlətçilik baxımından mühüm yenilik olub”.
Ramil Vəlibəyov vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə dövlətçilik atributlarını formalaşdırmağa nail olub: “Dövlət bayrağı, vətəndaşlıq institutu və milli ordunun yaradılması dövlət müstəqilliyinin əsas sütunlarını təşkil edib. Qafqaz İslam Ordusu ilə birlikdə Bakının işğaldan azad olunması isə AXC hökumətinin siyasi və hərbi iradəsinin göstəricisi olub. Eyni zamanda təhsil və mədəniyyət sahəsində həyata keçirilən islahatlar milli inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib. Tədrisin ana dilində aparılması haqqında qərarın qəbul edilməsi, Bakı Dövlət Universitetinin yaradılması və yeni təhsil müəssisələrinin açılması milli kadr potensialının formalaşdırılmasına xidmət edib. Ədliyyə sisteminin qurulması və məhkəmə institutlarının təşkili isə hüquqi dövlət modelinin əsasını qoyub. Bütün bunlarla yanaşı AXC hökumətinin əsas məqsədlərindən biri yeni yaranmış dövləti beynəlxalq arenada tanıtmaq olub. Paris Sülh Konfransında iştirak və aparıcı dövlətlərlə diplomatik münasibətlərin qurulması istiqamətində atılan addımlar Azərbaycanın beynəlxalq hüququn subyekti kimi tanınmasına şərait yaradıb. Bu tanınma 1920-ci ildə bolşevik işğalından sonra belə Azərbaycanın dövlətçilik ideyasının tamamilə məhv edilməsinin qarşısını alıb”.
Ramil Vəlibəyov söyləyib ki, 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa edərkən hüquqi və siyasi baxımdan özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il İstiqlal Bəyannaməsinə istinad olunması bunun bariz nümunəsidir. Müstəqilliyin qorunması və möhkəmləndirilməsi prosesində Ulu Öndər Heydər Əliyev xüsusi rol oynayıb. Onun siyasi fəaliyyəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik təmin edilib, dövlətçilik ənənələri gücləndirilib və milli birlik ideologiyası formalaşdırılıb. Üçrəngli bayrağın ilk dəfə rəsmi şəkildə Naxçıvanda dövlət bayrağı kimi qaldırılması müstəqilliyə aparan yolun mühüm siyasi addımlarından biri olub. Bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə güclü dövlətə çevrilib. Ərazi bütövlüyünün bərpası, işğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağının dalğalanması AXC ideallarının tarixi davamı kimi qiymətləndirilir”.
“Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biridir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, onun fəaliyyəti Azərbaycan xalqının demokratik dövlət qurmağa, milli maraqlarını qorumağa və müstəqil yaşamağa qadir olduğunu sübut edib: “Hərçənd AXC-nin fəaliyyəti cəmi 23 ay davam edib, amma onun qoyduğu siyasi və hüquqi irs bu gün də müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edir. Müstəqillik ideyası, milli birlik və dövlətçilik ənənələri AXC-dən müasir Azərbaycana ötürülən ən böyük tarixi mirasdır. Bu baxımdan 28 May – Müstəqillik Günü yalnız tarixi hadisənin xatirəsi deyil, həm də Azərbaycan xalqının azadlıq, suverenlik və dövlətçilik əzminin simvoludur”.



