
15 İyun Azərbaycan tarixinə sadəcə bir təqvim günü kimi deyil, millətin varolma mübarizəsinin, dövlətçilik hissinin və milli dirçəlişinin simvolu kimi həkk olunub. 1993-cü ilin məhz bu günündə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması Azərbaycanı parçalanmaqdan, daxili xaosdan və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Bu səbəbdən 15 İyun xalqımızın yaddaşında Milli Qurtuluş Günü kimi qeyd olunur.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etsə də, ilk illər ölkə üçün son dərəcə ağır və böhranlı keçdi. Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı ilə yanaşı, ölkə daxilindəki siyasi səriştəsizlik, ordu daxilindəki qruplaşmalar və vətəndaş müharibəsi təhlükəsi dövlətin təməllərini sarsıdırdı. 1993-cü ilin iyun ayında Gəncədə baş verən məlum hadisələr ölkəni tamamilə idarəolunmaz hala salmışdı. Azərbaycan bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək və parçalanmaq həddinə gəlmişdi. Belə bir taleyüklü məqamda xalq yeganə çıxış yolunu böyük dövlət xadimi Heydər Əliyevin Bakıya gəlməsində və rəhbərliyi öz üzərinə götürməsində gördü.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu tarix, faktiki olaraq, ölkənin müstəqilliyinin qorunub saxlanması və gələcək inkişafının təmin olunması istiqamətində atılan ilk və ən mühüm addım idi. Həmin vaxt Heydər Əliyev bəyan etmişdi ki, onun ömrünün qalan hissəsi yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkənin ağır durumdan qurtarmasına həsr olunacaq. Qısa müddətdə qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı və daxili siyasi sabitlik təmin edildi. Pərakəndə dəstələrdən vahid, nizam-intizamlı və mərkəzləşdirilmiş ordu formalaşdırılması istiqamətində qətiyyətli addımlar atıldı. 1994-cü ilin mayında imzalanan atəşkəs müqaviləsi ölkəyə daxili islahatlar aparmaq və iqtisadiyyatı bərpa etmək üçün vaxt qazandırdı. Həmin ilin sentyabrında dünyanın nəhəng neft şirkətləri ilə imzalanan “Əsrin Müqaviləsi” isə Azərbaycanın iqtisadi müstəqilliyinin və beynəlxalq nüfuzunun möhkəm təməlini qoydu.
Milli Qurtuluş Günü sadəcə keçmişin xilası deyil, həm də bugünkü güclü Azərbaycanın təməlidir. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qurulan möhkəm dövlətçilik ənənələri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz 1993-cü ildə qoyulmuş o möhkəm təməl, iqtisadi yüksəliş və ordu quruculuğu strategiyası Azərbaycanı 2020-ci ildə 44 günlük Vətən Müharibəsində tarixi Zəfərə çatdırdı. Otuz illik işğala son qoyuldu, torpaqlarımız azad edildi və ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu.
Bu gün Azərbaycan xalqı 15 İyun – Milli Qurtuluş Gününü tamamilə fərqli bir ovqatla, başıuca və qalib bir millət kimi qeyd edir. Bu gün bizə bir daha xatırladır ki, milli həmrəylik, güclü lider və dövlət müstəqilliyi hər bir xalqın ən böyük sərvətidir. 15 İyun – Azərbaycanın məhv olmaqdan qurtulub, zirvələrə doğru boylandığı tarixi dönüş günüdür.
İldırım Eyvazlı,
YAP-ın gənc fəalı



