AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Azərbaycanın Mədəniyyət Paytaxtının Qayıdışı: Şuşa Zəfəri

Şuşa şəhəri Azərbaycanın musiqi mədəniyyətinin, poeziyasının və memarlığının beşiyi kimi tanınır. Üzeyir Hacıbəyov, Bülbül, Natəvan və bir çox görkəmli şəxsiyyətlərin vətəni olan bu müqəddəs məkan 1992-ci ildə işğala məruz qalmışdı. 28 il ərzində düşmən tərəfindən dağıdılmasına baxmayaraq, Şuşa hər zaman hər bir azərbaycanlının qəlbində azadlıq rəmzi olaraq yaşamağa davam etmişdir.

2020-ci ilin 8 noyabr tarixində Azərbaycan Ordusunun şücaəti sayəsində Şuşa işğaldan azad edildi və bu tarixi hadisə erməni separatizminin belini qıran həlledici amil oldu. Xüsusi təyinatlılarımızın sıldırım qayaları dırmaşaraq şəhəri düşməndən təmizləməsi dünya hərb tarixində analoqu olmayan qəhrəmanlıq dastanı kimi qiymətləndirilir. Şuşanın azad olunması ilə Azərbaycan xalqının haqq səsi bütün dünyaya bir daha çatdırıldı.

Şuşa zəfəri həm də beynəlxalq hüququn və ədalətin bərpası demək idi. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən qətnamələri kağız üzərində qalmışdı, lakin Azərbaycan əsgəri öz gücü ilə bu qətnamələri döyüş meydanında icra etdi. Şuşanın azad edilməsindən sonra Ermənistan rəhbərliyi məğlubiyyətini qəbul etməyə məcbur qaldı.

Bu gün Şuşada həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycan dövlətinin gücünü və iradəsini nümayiş etdirir. “Şuşa ilində” və sonrakı dövrlərdə görülən işlər nəticəsində şəhər müasir standartlara cavab verən, eyni zamanda tarixi simasını qoruyan mədəniyyət mərkəzinə çevrilmişdir. Şuşa artıq sülhün, quruculuğun və Azərbaycanın əbədi suverenliyinin simvoludur.

Vüsal Musayev,
YAP Nizami rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button