Analitika

Bu gün Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik

Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.

Tarixə nəzər salsaq, görərik ki, ulu öndərimiz hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə gələcəyi düşünür, milli zabit kadrların yetişdirilməsinə çalışırdı. 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olundu. Ulu öndər Heydər Əliyev azərbaycanlı gəncləri, həmçinin SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrin formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu olub. Onlar Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində misilsiz igidliklər göstəriblər.

Xalqımızın otuz illik arzusunu reallığa çevirərək hərbi qüdrətini bütün dünyaya göstərən ordumuzun qəhrəman əsgər və zabitləri bu gün işğaldan azad edilmiş ərazilərimizin mühafizəsi və müdafiəsində “Dəmir yumruq” kimi dayanıblar. Vətən müharibəsi xalqın öz ordusuna inamının, sevgisinin nümayişi, Azərbaycan hərbçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsinin ifadəsidir. Bu Qələbəni şərtləndirən əsas amillərdən biri xalqımızın Azərbaycan Ordusunun qüdrətinə inamı idi. Eyni zamanda, bütün dünya yeni əsrin müharibəsini aparmış ordumuzun gücünü, peşəkarlığını və öz tarixi missiyasını uğurla reallaşdırmaq iqtidarında olduğunu gördü. Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış Rəşadətli ordusu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı ilə haqlı olaraq qürur duyur.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button