AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Zabux: işğaldan Böyük Qayıdışa – 30 illik həsrətin tarixçəsi

Laçın rayonunun Zabux kəndi Azərbaycanın yaxın tarixində işğalın ağrılarını, məcburi köçkünlük həyatını, azadlıq mübarizəsini və Böyük Qayıdışın sevincini özündə birləşdirən yaşayış məntəqələrindən biridir. Zabuxun 1992-ci ildən 2026-cı ilədək keçdiyi yol yalnız bir kəndin taleyi deyil, bütövlükdə Azərbaycan xalqının doğma torpaqlarına qayıdış mübarizəsinin mühüm səhifəsidir

Zabux kəndi Laçın rayonunda, Həkəri çayı ilə Zabux çayının qovuşduğu ərazidə, Qarabağ yaylasının dağlıq hissəsində yerləşir. Kəndin coğrafi mövqeyi onun tarixən formalaşmış yaşayış və təsərrüfat həyatında mühüm rol oynayıb. Mənbələrdə Zabuxun uzun müddət azərbaycanlıların yaşadığı qədim yaşayış məntəqələrindən biri olduğu, kəndin zaman keçdikcə genişlənərək çayın digər sahilindəki ərazilərə qədər yayıldığı qeyd edilir.

Zabuxun yerləşdiyi Laçın rayonu zəngin təbii və tarixi-mədəni irsə malik bölgədir. Dağlar, çaylar, meşələr və əlverişli yaylaq sahələri burada əhalinin əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmasına imkan verib. Bu baxımdan Zabux yalnız yaşayış məntəqəsi deyil, həm də özünəməxsus sosial və təsərrüfat həyatına malik kənd icması kimi formalaşıb.

Zabuxun tarixində ən ağır mərhələ 1992-ci ilin mayında başladı. Ermənistan silahlı qüvvələrinin Laçın istiqamətində həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində rayonun yaşayış məntəqələri işğal edildi. Laçın rayonunun bütövlükdə işğalı 18 may 1992-ci il tarixində baş verdi. Lakin Zabux sakinlərinin bir hissəsi kəndi bundan bir neçə gün əvvəl tərk etməyə məcbur olmuşdu.

Bu fakt 2023-cü ildə Zabuxa qayıdan sakinlərlə görüş zamanı bir daha təsdiqlənib. Kənd sakinlərindən biri cənab Prezident İlham Əliyevə 1992-ci il mayın 16-da Zabuxdan çıxdığını bildirib. Prezident də həmin görüşdə Zabuxun Laçın şəhərindən əvvəl işğal edildiyini qeyd edib.

Beləliklə, 16 may 1992-ci il Zabux sakinləri üçün 30 ildən artıq davam edən məcburi ayrılığın başlanğıcına çevrildi.

İşğal nəticəsində kənd sakinləri evlərini, torpaqlarını, təsərrüfatlarını və doğma sosial mühitlərini tərk edərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdılar. Laçın rayonundan ümumilikdə 58 736 nəfər doğma torpaqlarından didərgin düşərək ölkənin 58 şəhər və rayonunda məcburi köçkün kimi yerləşdirilmişdi.

Məcburi köçkünlük illəri Zabux sakinləri üçün yalnız yaşayış yerinin dəyişməsi demək deyildi. İnsanlar öz doğma kəndlərindən, evlərindən və gündəlik həyatlarından uzaqda yaşamağa məcbur oldular. Bununla belə, Zabux onların yaddaşında qorundu və doğma yurda qayıdış arzusu nəsildən-nəslə ötürüldü.

Bu dövr Zabuxun tarixində yalnız fiziki dağıntılarla deyil, həm də tarixi və mədəni yaddaşın dəyişdirilməsi cəhdləri ilə xarakterizə olunur. Lakin işğal altında qalmasına baxmayaraq, Zabux anlayışı onun əvvəlki sakinlərinin yaddaşından silinmədi.

Uzun illər ərzində keçmiş məcburi köçkünlər üçün Zabux sadəcə xəritədə yerləşən kənd deyil, doğma ev, ata-baba ocağı və geri qayıdılacaq yurd olaraq qaldı.

2020-ci il Zabuxun tarixində əsas dönüş nöqtəsinə çevrildi. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbədən sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Laçın rayonu 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarıldı. Lakin həmin vaxt Laçın şəhəri, Zabux və Sus kəndləri əvvəlki dəhliz ərazisində qaldı.

Bu mərhələdən sonra qarşıda yeni vəzifələr dayanırdı: işğaldan azad edilmiş ərazilərin təhlükəsizliyinin təmin edilməsi, minalardan təmizlənməsi, yolların və kommunikasiyaların qurulması, dağıdılmış yaşayış məntəqələrinin bərpası və ən əsası, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasının təmin edilməsi.

Zabuxun gələcəyi ilə bağlı da real bərpa və qayıdış mərhələsi məhz bu dövrdən başladı.

Zabux tarixində ən mühüm günlərdən biri 26 avqust 2022-ci il oldu. Həmin gün Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi və bununla Laçın rayonunda dövlət suverenliyinin tam bərpası təmin edildi.

Bu tarix Zabux sakinlərinin 30 ildən artıq davam edən həsrətinin yeni mərhələsinin başlanğıcı idi. Lakin torpağın azad edilməsi ilə proses başa çatmadı. Əksinə, qarşıda daha böyük və uzunmüddətli vəzifə – kəndin yenidən qurulması və insanların doğma yurda qayıtması dayanırdı.

Azadlıqdan sonra Zabuxda genişmiqyaslı yenidənqurma işlərinə başlanıldı. Yeni yaşayış evləri, məktəb, uşaq bağçası, tibb məntəqəsi, inzibati bina, yollar və digər zəruri infrastruktur yaradıldı. 2023-cü ildə təqdim olunan layihəyə əsasən, ümumi sahəsi 81 hektar olan Zabux kəndində 245 ailənin yerləşdirilməsi nəzərdə tutulmuş, ilkin mərhələdə 223 ailənin köçürülməsi planlaşdırılmışdı.

Bu yanaşma göstərirdi ki, Böyük Qayıdış yalnız insanların evlə təmin edilməsi ilə məhdudlaşmır. Məqsəd burada müasir, təhlükəsiz və dayanıqlı yaşayış mühiti yaratmaqdır.

Bu prosesin ən mühüm və emosional mərhələsi isə 25 avqust 2023-cü ildə baş verdi. Həmin gün ilk 20 ailə – 88 nəfər Zabux kəndinə qayıtdı.

31 ildən artıq müddətdən sonra Zabux sakinlərinin öz doğma kəndlərinə qayıtması yalnız sosial hadisə deyil, həm də tarixi yaddaşın bərpası idi. 1992-ci ildə kəndi tərk edən insanların bir qismi uzun illər sonra yenidən doğma evlərinin qapısını açdı.

2023-cü ilin avqustunda kənd sakinlərindən birinin Prezidentlə görüş zamanı “31 il 102 gündür ki, mən bura gəlməmişəm” deməsi bu həsrətin müddətini və miqyasını son dərəcə təsirli şəkildə ifadə edirdi. Bu sözlər əslində Zabuxun 30 ildən artıq davam edən tarixinin ən yığcam ifadəsinə çevrildi. 1992-ci ildə doğma yurdunu tərk etməyə məcbur olan insanlar illərlə öz kəndlərinə qayıtmaq arzusu ilə yaşadılar. 2022-ci ildə Zabux yenidən azadlığına qovuşdu, 2023-cü ildə isə onun küçələrində yenidən əvvəlki sakinlərin ayaq səsləri eşidilməyə başladı.

Bu gün Zabux artıq yalnız keçmişin xatirələrində yaşayan bir kənd deyil. O, yenidən qurulan, sakinləri doğma torpaqlarına qayıdan və gələcəyə doğru addımlayan yaşayış məntəqəsidir. Beləliklə, Zabuxun 30 ildən artıq davam edən həsrət tarixinin son səhifəsi qayıdışla deyil, doğma yurdda yeni həyatın başlanması ilə yazılır.

Səxavət Adıgözəlov,
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin maliyyə sektorunun müdiri YAP Nərimanov rayon Təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button