AnalitikaGündəmSiyasət

Dövlət Bayrağımız-Milli Qürurumuz

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik tarixini,milli-mənəvi dəyərlərini,azadlıq ideallarını və müstəqillik əzmini özündə təcəssüm etdirən müqəddəs dövlətçilik atributlarından biridir.Hər bir xalqın milli kimliyini və tarixi yaddaşını ifadə edən rəmzlər sırasında dövlət bayrağı xüsusi əhəmiyyətə malikdir.Azərbaycan üçrəngli bayrağı xalqımızın milli özünüdərkinin,siyasi iradəsinin və müstəqil dövlət qurmaq arzusunun parlaq ifadəsi kimi meydana çıxmışdır.Bu baxımdan,9 Noyabr–Dövlət Bayrağı Gününün qeyd olunması yalnız dövlətçilik rəmzinə ehtiramın nümayişi deyil,həm də milli tariximizin,azadlıq mübarizəmizin və suverenlik ideallarımızın dərindən dərk edilməsi baxımından mühüm ictimai-siyasi və mənəvi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir.Bu tarixi hadisə Azərbaycan xalqının müstəqil dövlətçilik ənənələrinin bərpası istiqamətində atılmış mühüm addımlardan biri olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımızın dövlət atributu kimi istifadəsi dayandırılsa da,xalqın milli yaddaşında və müstəqillik düşüncəsində öz əhəmiyyətini qoruyub saxlamışdır.XX əsrin sonlarında milli azadlıq hərəkatının güclənməsi ilə üçrəngli bayrağımız yenidən xalqımızın azadlıq və suverenlik uğrunda mübarizəsinin əsas simvollarından birinə çevrilmişdir.1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu bayraq ölkənin rəsmi dövlət atributu statusunu yenidən qazanmışdır.Beləliklə,üçrəngli bayrağın dövlətçilik tariximizdəki yeri yalnız rəsmi simvol olmaqla məhdudlaşmır,eyni zamanda,milli mübarizənin,tarixi varisliyin və müstəqillik iradəsinin davamlılığını nümayiş etdirir.
Dövlət bayrağının cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi,onun milli-mənəvi dəyərlər sistemindəki rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlər müasir Azərbaycan dövlətçiliyinin prioritet istiqamətlərindəndir.Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətində dövlət rəmzlərinə,xüsusilə üçrəngli bayrağa böyük ehtiram göstərilməsi milli dövlətçilik ideologiyasının möhkəmləndirilməsində mühüm rol oynamışdır.Sonrakı dövrdə bu ənənə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilmiş,dövlət bayrağının beynəlxalq miqyasda tanıdılması və onun milli qürur rəmzi kimi təbliği istiqamətində mühüm addımlar atılmışdır.Bakıda Dövlət Bayrağı Meydanının yaradılması,2009-cu il noyabrın 17-də 9 Noyabrın Dövlət Bayrağı Günü elan edilməsi və dövlət rəmzlərinin qorunmasına yönəlmiş institusional tədbirlər bu siyasətin əhəmiyyətli təzahürlərindəndir.
Üçrəngli bayrağımızın tarixi və mənəvi əhəmiyyəti Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində əldə edilmiş nailiyyətlərlə daha da zənginləşmişdir.Bu gün üçrəngli bayrağımız ölkəmizin bütün ərazilərində dalğalanaraq milli birliyin,ərazi bütövlüyünün,dövlət müstəqilliyinin və xalqımızın sarsılmaz iradəsinin təcəssümünə çevrilmişdir.Beynəlxalq tədbirlərdə,diplomatik platformalarda və müxtəlif mötəbər idman yarışlarında Azərbaycan bayrağının yüksəldilməsi isə dövlətimizin beynəlxalq nüfuzunun,milli qürurumuzun və müstəqil inkişaf yolunun əyani ifadəsidir.
Üçrəngli bayrağımız keçmişimizlə gələcəyimiz arasında mənəvi körpü yaradaraq Azərbaycan dövlətinin müstəqilliyini,xalqımızın birliyini və milli iradəsini daim nümayiş etdirir.O,yalnız bir dövlət atributu deyil,həm də hər bir azərbaycanlının qəlbində yaşayan Vətən sevgisinin,milli qürurun və azadlıq idealının əbədi rəmzidir.

Marya Mahmudova,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button