
Azərbaycanın zəngin enerji ehtiyatları müstəqillik illərində ölkənin inkişafının əsas dayaqlarından birinə çevrilib. Neft və qaz sektorunda həyata keçirilən uğurlu siyasət iqtisadi yüksəlişə güclü təkan verib.
1990-cı illərin əvvəllərində ölkəmiz ciddi iqtisadi çətinliklərlə üzləşmişdi. Lakin enerji resurslarından səmərəli istifadə nəticəsində Azərbaycan qısa müddətdə inkişaf yoluna qədəm qoydu. Bu sahədə həyata keçirilən layihələr dövlət büdcəsinin gəlirlərini əhəmiyyətli dərəcədə artırdı.
Əldə olunan maliyyə vəsaitləri sosial proqramların həyata keçirilməsinə, yeni infrastruktur layihələrinin icrasına və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına yönəldildi. Bunun nəticəsində ölkədə yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azaldı.
Enerji gəlirləri Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsində də mühüm rol oynadı. Müasir ordu quruculuğu istiqamətində böyük addımlar atıldı və Silahlı Qüvvələrin maddi-texniki bazası gücləndirildi.
Ordunun müasir silah və texnika ilə təchiz olunması ölkənin təhlükəsizliyinin təmin edilməsinə şərait yaratdı. Azərbaycanın hərbi gücü regionda önəmli amillərdən birinə çevrildi.
Enerji sektorundan əldə olunan gəlirlər eyni zamanda insan kapitalının inkişafına da yönəldildi. Təhsil, səhiyyə və digər sosial sahələrdə həyata keçirilən layihələr əhalinin rifahının yüksəlməsinə xidmət etdi.
Bu gün Azərbaycanın iqtisadi və hərbi gücü ölkənin müstəqil siyasət yürütməsinə imkan verir. Bu uğurların əsasında isə düzgün enerji siyasəti dayanır.
Beləliklə, enerji resursları Azərbaycanın güclü dövlətə çevrilməsində, iqtisadi inkişafın təmin olunmasında və milli təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayıb.
Regina Kovalyova,
YAP Nizami rayon təşkilatının fəalı



