İdeoloji təhlükəsizlik, milli-mənəvi dəyərlər və gənclərlə iş: yeni yanaşmaların zəruriliyi

Müasir dövrdə dövlətlərin gücü yalnız iqtisadi və hərbi göstəricilərlə ölçülmür. Milli birlik, sağlam ictimai düşüncə, vətəndaş həmrəyliyi, milli-mənəvi dəyərlərin qorunması və informasiya təhlükəsizliyi də dövlətin gücünü müəyyən edən mühüm amillərdir.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqində ideoloji təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirməsi məhz bu reallıqdan irəli gəlir. Dövlətimizin başçısı qeyd edib ki, müasir informasiya mühitində ideoloji risklər sərhəd tanımır. Buna görə də cəmiyyətin maarifləndirilməsi, insanların düzgün informasiya ilə təmin olunması və xüsusilə gənclərin sağlam düşüncə əsasında formalaşması mühüm vəzifədir.
Bu gün informasiya məkanında müxtəlif mənbələrdən çoxsaylı məlumatlar yayılır. Onların arasında obyektiv və faydalı məlumatlarla yanaşı, yalan, manipulyasiya və çaşdırıcı informasiyalar da mövcuddur. Belə şəraitdə insanın düzgün məlumatı yanlış məlumatdan ayırmaq bacarığı xüsusi əhəmiyyət kəsb edir.
Bu məsələnin ən mühüm həlli yollarından biri təhsildir. Savadlı, dünyagörüşlü, analitik düşünmə qabiliyyətinə malik vətəndaş müxtəlif informasiya təsirlərinə daha hazırlıqlı olur. Ona görə də şəhər və rayonlarda maarifləndirici fəaliyyət yalnız ənənəvi tədbirlərlə məhdudlaşdırılmamalıdır.
Xüsusilə gənclərlə işə yeni baxış formalaşdırılmalıdır. Gənclər bizim dövlətimizin gələcəyi olmaqla yanaşı, bu günün də fəal ictimai qüvvəsidir. Onlarla ünsiyyət qurarkən onların maraqları, düşüncə tərzi və informasiya əldə etmə üsulları nəzərə alınmalıdır.
Gənclərə Azərbaycanın müasir tarixini düzgün çatdırmaq mühüm vəzifədir. Onlar bilməlidirlər ki, müstəqil dövlət quruculuğu asan proses olmayıb. Azərbaycan ağır siyasi, iqtisadi və hərbi sınaqlardan keçib. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasəti nəticəsində ölkəmizdə sabitliyin və inkişafın əsası qoyulub, sonrakı mərhələdə isə bu siyasi kurs davam etdirilərək Azərbaycanın iqtisadi və hərbi gücü artırılıb. Prezident İlham Əliyevin qurultaydakı nitqində də bu tarixi inkişaf yolu və dövlətçilik xəttinin davamlılığı xüsusi vurğulanıb.
Bu tarixi gənc nəslə çatdırmaq yalnız keçmişi xatırlatmaq deyil. Bu, həm də bu gün əldə etdiyimiz nailiyyətlərin dəyərini anlatmaqdır. Vətən müharibəsində əldə olunmuş Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası Azərbaycan tarixinin ən mühüm hadisələrindəndir. Bu hadisələr gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
Lakin vətənpərvərlik yalnız sözlə ifadə olunan anlayış deyil. Vətənpərvərlik dövlətə və cəmiyyətə faydalı olmaq, öz işinə məsuliyyətlə yanaşmaq, qanunlara hörmət etmək, xalqın və dövlətin maraqlarını qorumaq, ölkənin inkişafına öz töhfəsini verməkdir.
Şəhər və rayon təşkilatlarının fəaliyyətində də məhz bu yanaşma əsas götürülməlidir. Partiya üzvləri cəmiyyət üçün nümunə olmalıdırlar. Onların davranışı, insanlarla münasibəti, ictimai fəallığı və məsuliyyətli mövqeyi YAP-ın ictimai nüfuzuna birbaşa təsir göstərir.
İdeoloji işdə digər mühüm istiqamət milli-mənəvi dəyərlərin qorunmasıdır. Azərbaycan xalqının əsrlər boyu formalaşmış milli dəyərləri, dilimiz, mədəniyyətimiz, ailə ənənələrimiz, tariximiz və dövlətçilik düşüncəmiz bizim milli sərvətimizdir. Qloballaşan dünyada bu dəyərlərin qorunması və müasir inkişafla uzlaşdırılması mühüm vəzifədir.
Eyni zamanda, milli-mənəvi dəyərləri qorumaq dünyadan təcrid olunmaq demək deyil. Əksinə, öz milli kimliyini və dəyərlərini yaxşı bilən cəmiyyət dünyaya daha inamlı inteqrasiya edə bilər. Azərbaycan bu baxımdan özünəməxsus model formalaşdırıb: milli kimliyə, dövlətçilik ənənələrinə və tarixi irsə bağlılıqla yanaşı, müasir texnologiyalara, innovasiyalara və beynəlxalq əməkdaşlığa açıq olmaq.
Şəhər və rayonlarda keçirilən tədbirlər də bu məqsədə xidmət etməlidir. Gənclərlə görüşlər, tarix və mədəniyyətlə bağlı layihələr, şəhid ailələri və qazilərlə görüşlər, könüllülük təşəbbüsləri, intellektual və maarifləndirici proqramlar daha geniş vüsət almalıdır.
Burada əsas məqsəd tədbirlərin sayını artırmaq deyil, onların ictimai təsirini gücləndirməkdir. Cəmiyyətə real fayda verən, insanları düşündürən və birləşdirən layihələrə üstünlük verilməlidir. Cənab Prezidentin qurultayda vurğuladığı kimi, ideoloji işdə şablonlardan və formal yanaşmalardan uzaqlaşmaq, müasir üsullardan istifadə etmək zəruridir.
Sosial şəbəkələr və rəqəmsal platformalar da bu baxımdan mühüm vasitədir. Yerli təşkilatlar Azərbaycan həqiqətlərinin, bölgələrdə görülən işlərin, sosial-iqtisadi inkişafın və insanların həyatında baş verən müsbət dəyişikliklərin ictimaiyyətə çatdırılmasına daha fəal şəkildə qoşulmalıdır.
Bu gün informasiya mübarizəsi də dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə yanaşı, ölkə daxilində vətəndaşların obyektiv informasiya ilə təmin olunması da vacibdir.
Nəticə etibarilə, ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi yalnız dövlət qurumlarının və ya müəyyən təşkilatların işi deyil. Bu, bütün cəmiyyətin məsuliyyətidir. Yeni Azərbaycan Partiyasının üzvləri isə bu prosesdə daha fəal və nümunəvi mövqe tutmalıdırlar.
Bizim əsas vəzifəmiz sağlam düşüncəli, vətənpərvər, savadlı, milli dəyərlərinə bağlı və müasir dünyada öz layiqli yerini tutan vətəndaş nəslinin yetişməsinə töhfə verməkdir. Bu istiqamətdə atılan hər bir addım Azərbaycanın gələcəyinə qoyulan sərmayədir.
İnanırıq ki, VIII Qurultayda müəyyən edilmiş vəzifələrdən irəli gələn yeni ideoloji yanaşmalar şəhər və rayon təşkilatlarının fəaliyyətində də öz real ifadəsini tapacaq, YAP-ın cəmiyyətlə əlaqələri daha da möhkəmlənəcək və partiya üzvlərinin ictimai fəallığı yeni mərhələyə yüksələcəkdir.
Leyla Qulamova,
Xəzər rayonunun gənc fəalı,
Bakı Dövlət Universitetinin tələbəsi


