II Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasiminin Zəngilanda keçirilməsi mühüm əhəmiyyət kəsb edən hadisədir
“Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasiminin Zəngilanda keçirilməsi mühüm əhəmiyyət kəsb edən hadisədir. Azərbaycan ev sahibliyi etdiyi bu beynəlxalq Forumu artıq ikinci dəfədir ki, məhz işğaldan azad edilmiş şəhərlərimizdə keçirir. Ötən il 1-ci Şəhərsalma Forumu Ağdam şəhərində təşkil olunmuşdu. Bu il isə, estafeti artıq Zəngilan qəbul edib. Bununla Azərbaycan bütün dünya ictimaiyyətinə işğaldan azad edilmiş və əbədi qayıtdığımız torpaqlarda həyatın necə sürətlə dəyişdiyini, canlandığını, bu ərazilərdə gedən yenidənqurma işlərinin vüsətini bir daha əyani şəkildə nümayiş etdirir”.
Bunu “Reportyorinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, 2-ci Milli Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak edib. İşğaldan azad edilmiş ərazilərə gələn bu qonaqlar Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. Bu forum vasitəsilə Azərbaycan dünyaya bir daha haqlı mübarizəsinin ismarıcını vermiş oldu. Eyni zamanda, Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Bu baxımdan Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq.
Onun sözlərinə görə, artıq Qarabağla bağlı tamamilə yeni reallıq yaranıb. İndi işğaldan azad edilmiş tarixi torpaqlarımız, işğal dövründə dağıntıya məruz qalmış Zəngilan yenidən qurulur, abadlaşır. Zəngilan şəhərinin təsdiq edilmiş baş planına uyğun olaraq burada dağıdılmış bütün tarixi, mədəni abidələrimiz, məscidlərimiz yenidən inşa edilir. Bir sözlə, Azərbaycan tarixi torpaqlarını yenidən dirçəltmək və əvvəlki görkəminə qaytarmaq, eləcə də yurd-yuvasından məcburi didərgin salınmış soydaşlarımızın ən qısa zamanda geri dönməsi üçün infrastruktur layihələrini uğurla icra edir.