Laçın – Zəfərdən Dirçəlişə

Bəzi şəhərlər var ki, onların adı yalnız coğrafi məkan deyil, bütöv bir tarixin ifadəsidir. Laçın da Azərbaycan xalqının yaddaşında məhz belə bir şəhərdir. Uca dağları, zəngin təbiəti, qədim tarixi və özünəməxsus gözəlliyi ilə seçilən Laçın bu gün həm də xalqımızın Zəfər və qayıdış tarixinin simvollarından biridir.
Uzun illər Laçın həsrətini ürəyində daşıyan insanlar doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözlədilər. Bu həsrət 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə sona yaxınlaşdı. Laçın rayonunun Azərbaycana qaytarılması, ardınca isə şəhərin azadlığı doğma yurda qayıdışın yolunu açdı.
26 avqust 2022-ci il Laçının müasir tarixində əbədi yaşayacaq günlərdən biridir. Həmin gün Laçın şəhərinə Azərbaycan Ordusunun daxil olması ilə şəhərin həyatında yeni mərhələ başladı. Bu tarix illərlə davam edən həsrətin sona çatdığı, Zəfərin doğma şəhərin küçələrində öz əksini tapdığı gün kimi yaddaşlara həkk olundu.
Məhz bu tarixi hadisənin əhəmiyyətini nəzərə alaraq 26 avqustun Laçın Şəhəri Günü kimi qeyd edilməsi böyük rəmzi məna daşıyır. Bu gün həm qələbəmizin sevincini yaşadır, həm də azadlıq uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etməyə imkan verir.
Bu gün Laçın yalnız azad edilmiş şəhər deyil, sürətlə yenidən qurulan və dirçələn bir məkandır. Şəhərdə müasir infrastruktur yaradılır, yaşayış binaları, sosial obyektlər və yollar inşa edilir. Ən əsası isə Laçın yenidən sakinlərinin səsinə, nəfəsinə və həyatına qovuşur.
Doğma yurda qayıdan hər bir ailənin sevincində illərin həsrəti, qayıdışın qüruru və gələcəyə inam var. Laçında həyatın yenidən canlanması Böyük Qayıdış prosesinin ən mühüm göstəricilərindən biridir.
Laçının bərpası həm də Azərbaycanın öz tarixini və milli-mədəni irsini yaşatmaq əzminin ifadəsidir. Bu qədim yurdun təbiəti, mədəniyyəti, adət-ənənələri və tarixi yaddaşı yenidən gələcək nəsillərə ötürülür.
26 Avqust – Laçın Şəhəri Günü bizə bir həqiqəti xatırladır: torpaq yalnız üzərində qurulan şəhərlərdən ibarət deyil. Torpaq yaddaşdır, Vətəndir, mənəvi bağlılıqdır. Laçının azadlığı isə bu bağlılığın heç vaxt itirilmədiyini bütün dünyaya göstərdi.
Bu gün Laçında dalğalanan Azərbaycan Bayrağı xalqımızın Zəfərinin, dövlətimizin qüdrətinin və ərazi bütövlüyümüzün rəmzidir. Dünən həsrətlə xatırlanan Laçın bu gün qürurla gələcəyə baxır.
Günay Qəniyeva,
Xəzər rayonunun gənc fəalı,
Milli Aviasiya Akademiyasının tələbəsi



