
Ümummilli Lider Heydər Əliyev milli mətbuatın inkişaf tarixini Azərbaycan xalqının azadlıq, müstəqillik və milli özünüdərk uğrunda apardığı mübarizənin ayrılmaz hissəsi kimi qiymətləndirirdi. Həqiqətən də, “Əkinçi” qəzetindən başlayan milli jurnalistika yolu xalqımızın maariflənməsi, ictimai fikrin formalaşması, demokratik düşüncənin inkişafı və dövlətçilik ideyalarının möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının təməlini qoymuşdur. Ana dilində yayımlanan ilk mətbu nəşr kimi “Əkinçi” öz dövründə yalnız xəbər vasitəsi deyil, həm də xalqın maariflənməsinə, elmi biliklərin yayılmasına, milli düşüncənin inkişafına xidmət edən mühüm ictimai tribuna olmuşdur. Qəzet 1875-ci ilin iyulundan 1877-ci ilin sentyabr ayınadək fəaliyyət göstərərək cəmi 56 sayı ilə Azərbaycan mətbuat tarixində silinməz iz buraxmışdır.
“Əkinçi”nin əsas məqsədi cəmiyyətdə elmə, təhsilə və müasir dünyagörüşünə marağı artırmaq, insanların ictimai proseslərdə daha fəal iştirakına şərait yaratmaq idi. Qəzetin maarifçilik ideyaları dövrün qabaqcıl ziyalıları tərəfindən dəstəklənmiş, onun yaratdığı ənənələr sonrakı illərdə meydana çıxan digər mətbuat orqanlarının fəaliyyətində davam etdirilmişdir. “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “İrşad”, “Açıq söz” və digər nəşrlər milli mətbuatın inkişafına mühüm töhfələr vermiş, Azərbaycan ədəbi dilinin zənginləşməsində, milli şüurun formalaşmasında və istiqlal ideyalarının yayılmasında böyük rol oynamışdır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli medianın inkişafında yeni mərhələ başlanmışdır. Xüsusilə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən genişmiqyaslı islahatlar ölkənin bütün sahələrində olduğu kimi, media sektorunda da mühüm dəyişikliklərə səbəb olmuşdur. Bu dövrdə söz və məlumat azadlığının təmin olunması, jurnalist fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi, medianın inkişafına mane olan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində ardıcıl addımlar atılmışdır. Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ilin avqustunda kütləvi informasiya vasitələri üzərində dövlət senzurasının ləğv edilməsi Azərbaycan mediasının inkişaf tarixində mühüm dönüş nöqtəsi olmuşdur. Bu qərar jurnalistikanın daha sərbəst fəaliyyət göstərməsinə, müstəqil medianın formalaşmasına və cəmiyyətin informasiya əldə etmək imkanlarının genişlənməsinə şərait yaratmışdır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Aparılan islahatlar nəticəsində Azərbaycan mediası yeni inkişaf mərhələsinə daxil olmuş, onun hüquqi, iqtisadi və institusional imkanları genişlənmişdir. Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul edilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və media subyektlərinin fəaliyyətinə göstərilən dövlət dəstəyi bu sahədə həyata keçirilən mühüm tədbirlərdəndir.
Azərbaycan mediası xüsusilə 44 günlük Vətən müharibəsi zamanı öz tarixi missiyasını uğurla yerinə yetirmişdir. Jurnalistlər informasiya cəbhəsində fəal iştirak edərək Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, düşmənin dezinformasiya cəhdlərinin ifşa olunmasına mühüm töhfələr vermişlər. Müharibədən sonrakı dövrdə də media işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramı və ölkəmizin yaratdığı yeni reallıqlar barədə cəmiyyətin və dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.
Bu gün Azərbaycan mediası yalnız informasiya ötürücüsü deyil, həm də müasir cəmiyyət quruculuğunun, milli maraqların qorunmasının və dövlətçilik ideyalarının təbliğinin mühüm iştirakçısıdır. Qlobal informasiya məkanında ölkəmizin mövqeyinin gücləndirilməsi, beynəlxalq media əməkdaşlığının genişləndirilməsi və rəqabət imkanlarının artırılması istiqamətində mühüm addımlar atılır.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı media qarşısında yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaradır. Rəqəmsallaşma, sosial media platformaları, süni intellekt texnologiyaları, media savadlılığının artırılması, dezinformasiya və saxta xəbərlərlə mübarizə müasir jurnalistikanın əsas prioritet istiqamətlərindəndir. Azərbaycan mediası bu proseslərdə fəal iştirak etməklə yanaşı, ölkəmizin milli maraqlarını, dövlətçilik dəyərlərini və cəmiyyətin obyektiv məlumatlandırılması prinsipini daim rəhbər tutmalıdır.
Milli mətbuatın qarşıdakı əsas vəzifəsi Azərbaycanın əldə etdiyi uğurların, ölkədə baş verən müsbət dəyişikliklərin və beynəlxalq münasibətlər sistemində artan rolunun geniş auditoriyalara çatdırılması, eyni zamanda qlobal informasiya mühitində peşəkar və etibarlı media modeli formalaşdırılmasıdır. “Əkinçi”dən başlayan zəngin jurnalistika ənənələri bu gün müasir texnologiyalarla birləşərək Azərbaycan mediasının gələcək inkişaf yolunu müəyyənləşdirir.



